Bakıda parkinq üçün pul ödədi, amma cərimələndi – Video

0
429

Bakıda parkinq üçün pul ödədi, amma cərimələndi

Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Bu barədə sürücü Zəfər Məmmədov “Xəzər xəbər”ə danışıb. Bakı sakini Zəfər Məmmədov bildirib ki, paytaxtın Neftçilər prospektində avtomobili park etmək üçün ödəniş edib, amma sonradan Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Hadisə zamanı ortaya çıxan daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bulvar boyu axşamlar parkinq məsələsinə danışa bilməyən 5-6 nəfər lal şəxs nəzarət edir. Ərazidə daim fəaliyyət göstərən taksi sürücüləri də bu faktı təsdiqləyir.

Görünən mənzərə budur ki, bulvar boyu qanunsuz parkinqi həyata keçirən şəxslərin hamısının lal olması bunun təsadüf olmadığını göstərir.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Neftçilər prospekti də daxil olmaqla şəhərin bir çox yerlərində küçə parklanmasına görə kimlərinsə pul alıb xidmət göstərməsi tamamilə qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu barədə açıqlama verib. Bir daha sürücülərə bu cür şəxslərə pul verib avtomobillərini park etməmək tövsiyə edilir. Sürücülər hərəkətlərini yol nişanlarının tələbinə uyğun təşkil etməlidirlər. Neftçilər prospektində dayanma və durmanı qadağan edən nişanlar var. Orda kiminsə sözünə etibar edib yol nişanının tələbini pozan sürücülər təbii olaraq inzibati qaydada cərimə olunurlar.