Doğma yurda ilin ilk köçü: Daha 30 ailə Füzuli şəhərinə qayıdır

0
247

Azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb.

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən ilk köç yenidən qurulan Füzuli şəhərinədir.

Belə ki, bu gün daha 30 ailə (127 nəfər) Füzuliyə yola salınıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Beləliklə, Füzuli şəhərinə köçürülən ailələrin sayı 410-a (1 519 nəfərə-red) çatacaq.

Xatırladaq ki, 2023-cü ilin 18 dekabrında növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Həmin mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 94 nəfər köçürülüb. Bununla da şəhərdə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, yanvarın 12-də Füzuliyə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib.