Elm İslamda haramdır: Övladlarımızı saxta dindarlardan necə qoruyaq?

0
141

Bu gün cəmiyyət üçün faydalı övlad yetişdirmək müşkil məsələyə çevrilib. Ətrafımızda bu qədər problemlərin olduğu bir vaxtda uşaqlarımızı kimdən, nədən qoruyaq deyə əlacsız qalırıq. Yetkinlik yaşına çatmış bəzi gənclər ətraf mühitin təsirinə düşərək narkotik aludəçisinə çevrilir, yaxud oğurluq, qumar və s. kimi pis vərdişlərə yiyələnirlər. Bununla da elmdən, təhsildən uzaqlaşmış olur. Bütün bunlar azmış kimi, övladlarımızı təhsildən uzaqlaşdırmağa çalışan yeni “dindarlar” peyda olub.

Din adı altında gizlənən cahillər məktəbliləri özlərinə cəlb edir, elmin, təhsilin günah olduğunu sübut etmək üçün uydurduqları kitabları onlara “Peyğəmbərdən hədis” adı ilə oxutdururlar. Onlar gənclərə sübut etməyə çalışır ki, Allahın göndərdiyi dini elmdən başqa kitab oxumaq və başqa elmə yiyələnmək günahdır. Yəni oxuyub hakim, həkim, müəllim və s. peşələrə yiyələnən kəslər sabah kiminsə tabeliyində çalışacaqsa, Allahın hökmünə qarşı çıxmış olacaq. Rəhbərliklər isə Allahın hökmünə qarşı hökm vermiş olur. Və beləliklə də onlara lazım olan, əllərində istədikləri kimi istifadə edə biləcək, cəmiyyət üçün təhlükəli olan böyük bir savadsız ordu yaradırlar.

Axı elmi, təhsili olan birini aldatmaq, onların uydurduqları nağıllara inandırmaq çətin olar. İnsan nə qədər savadsız, cahil olmalıdır ki, bu nağıllara inansın. Bu işbazların hər dediyinə əməl etsin. Bütün bunlar da övlad sahibi olan hər kəsi narahat etməyə başlayıb. Yəni bu təfəkkürdə yetişən bir gəncin gələcək həyatı necə olacaq, hansı işlə məşğul olacaq ki, sabah ən azından maddi təlabatlarını ödəyə bilsin?

İlahiyyatçı bildirib ki, tarixin dərinliklərindən bu günə qədər belə zehniyyətdə olan varlıqlar mövcud olub.

“Həmişə kainatda mükəmməl olan İslam kimi bir dinin mahiyyətini anlamayanlar bu böyük mədəniyyəti, böyük kültürü sağa, sola çəkməklə məşğul olublar. 21-ci əsrdə yaşasaq da biz yenə də bu cəhaləti görə bilirik, müşahidə edirik və həqiqətən də iztirab içində yaşayırıq. Belə cavab verim ki, din yol deməkdir, həqiqətə gedən yoldur. Bu yolda ən böyük məşəl elm məşəlidir. İslam dini insanı davamlı olaraq böyük araşdırmalara, Allahın rizasını qazanmağa, həyatın fəlsəfəsini anlamağa, bu yolda gedə bilməyən insanların əlindən tutmağa və bu sahədə böyük zəhmətlərə qatlaşmağa təbliğ və təşviğ edir.

Peyğəmbərimizin zamanında bir məscid var idisə, ətrafinda onlarla məktəb var idi. O vaxtı məktəb demirdilər, mədrəsə deyirdilər. Mədrəsə də dərsin oxunduğu yer deməkdir.

Bu baxımdan peyğəmbərimizin vəfatından bir müddət sonra İslam dininin çox ciddi elmi mərkəzləri yaradıldı. O mərkəzlər ki, istər fəlsəfənin, istər elmin digər sahələrinin mənbələri oldu. Riyaziyyat, fizika, astronomiya, tibb sahəsində bir çox həkimlər, hakimlər, təbiblər, böyük elm adamları meydana çıxdı ki, onlar böyük universitetlər, institutlar qurdular. Dünyanın ilk institutunu quran, məktəb açan şəxslər müsəlmanlar olub. 8-ci, 9-cu əsrdə belə Bağdatda fəaliyyət göstərən elm mərkəzlərini, orada təsil alan, tədrislə məşğul olan alimləri buna misal göstərə bilərik.

Bu baxımdan deyə bilərik ki, bu cür fikirlərlə uşaqları məktəbdən yayındırmaq, onları universitetlərdən uzaq tutmaq ölkəmiz üçün böyük fəlakətdir, böyük təhlükədir, çirkin bir zehniyyətdir.

Məktəb dövlətin beyni sayılır. Biz gələcəyimizi bu məktəblərin içərisində böyütməliyik. Hər halda məktəblərdə bu günləri dərslər nə səviyyədə keçirilir, keçirilmir o işin başqa tərəfidir.

Ancaq əsas məsələ odur ki, İsalm dinininfundamental dəyərlərinin içərisində elə dəyərlər vardır ki, ondan uzaq düşmək günahdır. Qaldı ki, dini elmlər, dünyavi elmlər deyilən bir anlayış yoxdur. Allahın kainatda qoyduğu bir kitabdır. Fizika da onun bir vərəqidir, kimya, riyaziyyat, astronomiya başqa bir vərəqləridir.

Qurani-Kərimin ayələri bizi səmalara götürür, tarixi baxımdan bizi keçmişə aparır, gələcəyə götürür, yerin altından, üstündən, səmanın qatlarından bəhs edir, atomun, hüceyrənin içərisinə aparır, genetik şifrələrə aparır. Qurani-Kərimin kəlamları əsasında biz Günəşin zərrələrin araşdıra bilirik.

Bir sözlə, Qurani-Kərimdə elmi bütün sahələri var . Ona görə də, gənclərə bu kimi dırnaqarası dindarlardan uzaq durub, həqiqətən Allahın yolunu tutub gedən insanlardan ibrət götürmək və onlardan elm öyrənməyi bildirmək lazımdır”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.