İran qarışdı: SEPAH Qərbi Azərbaycan kəndinə hücum etdi

0
172

İran sosial şəbəkələrində SEPAH-a bağlı duz zavodu layihəsinə etiraz etdikləri üçün təhlükəsizlik qüvvələrinin Salmasın Qaraqışlaq kəndinin sakinlərinə hücumunu əks etdirən videoçarx yayılıb.

İranın Qərbi Azərbaycan əyalətindəki kənddən gələn nümayişçiləri dağıtmaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Yerli mənbələr bildirirlər ki, əhalinin duz zavodunun yaradılmasına etirazının əsas səbəbləri kənd təsərrüfatı torpaqlarının əkin üçün yararsız hala düşməsi, otlaqların və bağların məhv olması, ətraf mühitin məhv olması ehtimalıdır. Onların fikrincə, zavodun ətrafındakı torpaqlara və su mənbələrinə sənaye çirkab sularının daxil olması belə fəsadlara gətirib çıxaracaq.

Layihənin ətraf mühitə zərərli təsirlərinə etiraz edən 70 vətəndaş həbs edilib.

Sosial şəbəkələrdə aksiyanın təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zorakılığa çevrildiyini əks etdirən fotoşəkillər yayılıb. Hökumət qüvvələrinin nümayişçilərə “gözyaşardıcı qaz və dəyənəklərlə” hücum etdiyi bildirilir. Salmas şəhər Təhlükəsizlik qüvvələrinin rəisinin əmri ilə vətəndaşların evlərinə hücum edərək onlarla insanı həbs ediblər. İran Ziyalılar Birliyi Koordinasiya Şurası bildirir ki, saxlanılanların arasında yaşlı qadın və kişilər var. Saxlanılan qadınlar şifahi təhqirlərə və “seksual zorakılıq” təhdidlərinə məruz qalıblar.

Xatırladaq ki, ekoloji etirazlar İranın digər bölgələrində də keçirilir. Bundan əvvəl, yanvarın əvvəlində Yəzd vilayətinin Ərdəkan şəhərinin sakinləri və ətraf mühit fəalları ərazidə yeni polad, kafel və şüşə zavodlarının tikintisinə etiraz olaraq bir sıra aksiyalar keçiriblər.

Yəzd-Ərdəkan düzü əyalətin sənaye sahələri yerləşən, eyni zamanda əhalisinin 80%-nin yaşadığı yerdir və buranın ekologiyasının korlanması vətəndaşların bütün il boyunca zəhərli hava udmasına səbəb olur.

Ən böyük ekoloji etiraz aksiyaları isə təbii ki, Urmiya gölünün qurudulmasına qarşıdır.

Bu aksiyaların hamısına qarşı hökumət zorakı yanaşma nümayiş etdirir. SEPAH-ın belə qəddarlığının səbəbi də yox deyil. Belə ki, İranda su nəqli sahəsində böyük layihələrin əksəriyyətini SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahı həyata keçirir.