Yaxın Şərqdə münaqişə Bakıya şans tanıdı: cəmi 11 günə…

0
166

Yaxın Şərqdə sonu görünməyən münaqişələr, Qırmızı dənizdə, Hörmüz boğazında, əsas yükdaşıma arteriyalarına yaxın baş verən və artma potensialı olan gərginlik Orta Dəhliz layihəsinin aktuallığını daha da artırır. Azərbaycan yeni, təhlükəsiz, sərfəli və sürətli yollar qovşağına çevrilməklə gələcəkdə ölkə gəlirlərini artıra, yeni iş yerləri yarada bilər –tarixi fürsətlər yaranıb, bundan yaralanmaq lazımdı.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərqli bildirib.

O qeyd edib ki, tranzit yükdaşımalar üçün iki əsas şərt var – zaman və tariflər:

“Məlim oldu ki, 30 dekabr 2023-cü il tarixində Çindən yola düşən blok qatarı 11 yanvar 2024-cü il tarixində ölkəmizə çatıb. İlin ilk blok qatarı cəmi 11 günə mənzil başına çatdırılmaqla sözügedən dəhlizin əhəmiyyətini və rəqabətli olmasını göstərdi – yəni, işlər doğru-düzgün təşkil olunsa, zaman məsələsində alternativ marşturlara üstün gəlmək olar. Ümumilikdə 57 vaqondan ibarət blok qatarı vasitəsilə Çindən ölkəmizə əsasən elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb, əldə olunmuş razılaşmaya əsasən Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həcminin artırılması istiqamətində bu ilin yanvar ayında Azərbaycana 7 blok qatarla idxal məhsulları və 2 blok qatarla isə tranzit yüklərinin Avropaya yola salınması planlaşdırılır.

Rəsmi məlumata görə, 2022-ci illə müqayisədə 2023-cü ildə daşınan universal konteynerlərin (TEU) həcmi 24 000 TEU artaraq 100 000 TEU-nu keçib ki, bu da 30% artım deməkdir. Bu artım konteyner idxalının 77%, ixracın isə 159% artmasını göstərir – deməli, potensial böyükdür, sadəcə işləmək lazımdır.

Zamanla bağlı göstəriciləri daha da yaxşılaşdırmaq olar, tariflərə gəldikdə isə bunun üçün tranzit ölkələrlə ümumi razıllaşmalara ehtiyac var. Daha bir rəsmi məlumata görə, ADY Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması və yeni yüklərin cəlbi istiqamətində 2023-cü ildə “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC ilə paritet əsasda “Middle Corridor Multimodal Ltd.” adlı birgə müəssisəni yaradıb. Birgə müəssisə “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin–Avropa/Türkiyə–Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə geniş imkan yaradacaq.

Əgər bu müəssisə uyğun tariflər təklif edə bilsə, Orta Dəhlizin böyük potensialı olacaq, yox əgər bu məsələdə də qurumlararası koordinasiya zəif olsa, məmləkətdə şəffaf sistem yaranmasa, bu fürsəti də qaçıra bilərik…”