““Məhəmməd Əmin Rəsulzadə” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir”.
Bu barədə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov özünün sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, “Rəsulzadə”ni vuran gəmi barəsində həbs qətimkan tədbiri seçilib.
M.Mənsimov gəminin köhnə olması haqqında yazılanlara da cavab verib:
“Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni “MAMMAD AMİN RESULZADEH” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək”.
Qeyd edək ki, ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan “Palmali” şirkətlər qrupuna məxsus “MAMMAD AMİN RASULZADE” gəmisi İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub”.
Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə “MAMMAD AMİN RASULZADE” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə “MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.