Səudiyyə Ərəbistanında bir qrup məhbus Məkkə və Mədinə şəhərlərindəki müqəddəs məkanlarda olaraq Həcc ziyarəti edib.
İslam tarixində ilk dəfə baş verən bu ibrətamiz olay barədə yerli “Ar-Ruyya” xəbər portalı çərşənbə axşamı Krallığın Penitensiar Müəssisələr Baş İdarəsi nümayəndəsinin açıqlamasına istinadla xəbər yayıb.
İslam qanunlarına əsasən, Həcc ziyarəti müddətində bir qrup dustağın digər zəvvarlardan fərqi olmayıb. Onların da hamısı digər zəvvar müsəlmanlar kimi ənənəvi ehramlara bürünüblər. Bundan əlavə, penitensiar idarə tərəfindən məhbuslara nəzarət olunmayıb və üzərlərinə nəzarətçilər qoyulmayıb. Dustaq zəvvarları cəmi 32 qohumu müşayiət edib.
“Bu proqramın əsas məqsədi məhbusların cəza müddətinin sona çatması ərəfəsində gündəlik həyata uyğunlaşması və öncədən sosiallaması idi”- Krallığın müvafiq idarəsinin rəsmisi belə deyib.
Həcc ziyarətindən sonra bütün Hacı dustaqlar cəzaçəkmə müəssisələrinə qayıdıblar.