İsrail bu gündən etibarən hər gün dörd saat fasilə verərək Qəzzanın şimalında hərbi əməliyyatlar keçirməyəcək.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O deyib ki, bu cür fasilələrlə bağlı elan üç saat əvvəl veriləcək. İsrail tərəfi ABŞ-ı fasilələr zamanı bu ərazilərdə hərbi əməliyyatların aparılmayacağı barədə xəbərdar edib.
Ağ Ev sözçüsü vurğulayıb ki, fasilələr HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib ki, girovlar azad edilənə qədər Qəzza zolağına humanitar yardım göndərilməməlidir.