Artan əməkhaqqı və radikalların “demokratiya” davası

0
544

İlin başa çatmasına az qalıb. Daha doğrusu, artıq 8-ci ayı yarı eləmək üzrəyik. Mövsüm dəyişir, insanlarımız yeni mövsümə hazırlaşır. Belə bir ovqatda Azərbaycan vətəndaşları həm də sentyabrda başlayacaq mövsümü səbirsizliklə gözləyir. Səbəb nədir?
Səbəb, hər zamankı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadə vətəndaşın rifah halının yüksəldilməsinə yönəlik daha bir qərarının qüvvəyə minəcəyi günün sentyabrdan başlayacağıdır. Bəli, Prezident İlham Əliyev cari ildə bir çox təhlilçilərin inqilabi adlandırdığı addımlarla daim gündəmdə oldu. Əlbəttə, onun gündəmdə olmadığı gün də olmayıb heç vaxt. Lakin bu il ard-arda atılan yaxşı mənada radikal addımlar istər-istəməz onu daim günün qəhrəmanı zirvəsində saxlamağa yetib.
Sentyabrın 1-də nə baş verəcək? Əminik ki, bu sualın cavabını hər bir vətəndaşımız bilir və təqdir edir. Həm də bizim insanımız Prezidentin sadə vətəndaşı düşündüyünü həmişəki kimi bu dəfə də hiss edir. Özü də öz üzərində, ailəsinin, uşaqlarının, elinin-obasının timsalında.
Məlum olduğu kimi sentyabrın 1-dən ölkədə minimum əməkhaqqının məbləği 230 manata yüksələcək. Rəqəm kiçikdirmi? Dünyanı gəzib-dolaşan, müqayisə imkanları geniş olan birisi kimi deyirəm ki, nəinki kiçik deyil, çox böyük rəqəmdir. İndi kimlərsə deyəcək ki, Almaniyada, ABŞ-da, nə bilim dünyanın hansısa başqa ölkəsində minimum əməkhaqqı daha yüksəkdir. Düzdür, elədir. Doğrudan da dünyanın bir çox ölkələrində minimum əməkhaqqı bizdən qat-qat yüksəkdir. Lakin…
Bax, həmin ölkələrdə minimum əməkhaqqının daha yüksək olduğunu əsas gətirib vətəndaşımızı yerindən oynatmaq istəyənlər o “lakin” haqqında heç nə demirlər. Çünki desələr suyu bulandırmaq cəhdləri baş tutmayacaq.
Bəs biz nə üçün varıq?
Biz, o “lakin”in nə olduğunu bilirik və deyirik. İndi də demək istərdik.
Həmin “lakin” ondan ibarətdir ki, Azərbaycanda gündəlik tələbat mallarının və xidmətlərinin qiyməti də həmin o öndə gedən, aşıb-daşan, əsib-coşan ölkələrdəkindən qat-qat aşağıdır. Qat-qat deyəndə, 3 deyil, 5 deyil, 10 dəfələrlə aşağı.
Örnək verə bilərik. Şəxsi təcrübəyə əsaslanaraq adi bir örnək verək.
Metrodan hamımız istifadə edirik. Özü də tez-tez. Şəxsən mən Bakı metrosunu ən əlverişli ictimai nəqliyyat kimi təqdir edir, onun xidmətindən bütün mümkün hallarda yararlanıram. Qiyməti isə, hər kəsin bildiyi cəmi-cümlətanı 30 qəpikdir. Özü də bu 30 qəpiyi ödədikdən sonra istənilən sərnişin bayıra çıxmadan istədiyi qədər xidmətdən istifadə edə bilər. Cəmi 30 qəpiyə, örnək üçün, 15-20 stansiyalıq məsafəni qət edə bilərik. Lakin…
Lakin minimum əməkhaqqının bizdən qat-qat artıq olduğu Almaniyada metrodan belə istifadə mümkündürmü? Təbii ki, deyil. Qiymət bizim vətəndaşımız üçün fantastik görünə bilər! 3-5 stansiya getmək üçün aşağı-yuxarı 3-4 avro, yəni 6-8 manat ödəməlisiniz! Qorxuncdur, deyilmi? Halbuki bu pulla biz öz ölkəmizdə – Azərbaycanda metroya ən azı 20-26 dəfə minib istədiyimiz qədər məsafə qət edə bilərik. Yaxud da bu qiymətə bilet alıb, aşağı-yuxarı 300 km məsafəlik yolu avtobusla, qatarla gedərik. Elə həmin Almaniyada bu qədər məsafəni getmək üçün 100-150 manat civarında pul ödəmək lazımdır.
Yeri gəlmişkən, Qurban bayramı ərəfəsindəyik. Vətəndaşlarımız müxtəlif istiqamətlərə bayram səfərləri edirlər. 4 nəfərlik ailə Bakıdan Gəncəyə getmək üçün bir tərəfə adambaşına 10, cəmi 40 manat ödəməli olacaq. Almaniyada isə bu ailə bu məsafəni getmək üçün 400 manat ödəməlidir. Geri dönərkən də eyni məbləği ödəməli olacaqlar. Ümumilikdə 800 manat…
Bu müqayisəni daha geniş təqdim etmək olar. Başqa örnəklərlə də zənginləşdirib ortalığı qarışdırmaq istəyənlərin dilə gətirmək istəmədiyi “lakin”i darmadağın etmək üçün. Amma bizim əsas məqsədimiz bu deyil. Biz, sadəcə insanlarımızı daha sayıq olmağa, dəxli olmadan Azərbaycanda vətəndaş narazılığını körükləndirmək istəyənlərə uymamağa çağırmaq istərdik.
Azərbaycan dünyanın ən sabit ölkəsidir. Burada vətəndaş özünü hər an güvəndə hiss edir. Azərbaycan polisi dünyanın ən nizamlı polislərindən sayılır. Burda da bir örnək yerinə düşərdi.
Təsəvvür edin ki, ABŞ-da öz maşınınızla yol gedirsiniz. Yol polisi sizi dayandırır. Maşını saxlayırsınız, bu zaman ən adi artıq hərəkət sizin güllələnməyinizə səbəb olur. Bəli, elədir. ABŞ qanunlarına görə, maşını dayandırarkən hər iki əliniz sükanın üst tərəfində – görünən durumda olmalıdır. Sizə yaxınlaşan polis göstəriş vermədikcə əlinizi aşağı salıb maşının şüşəsini belə aça bilməzsiniz. Üstəlik, polislə yüksək tonda danışmaq, mübahisə etmək də sizin üçün ölümə bərabər ola bilər. Qanunlar belədir orda. Haqlı-haqsız, polis sizə nə əmr etsə, mütləq əməl etməlisiniz. Bəs Azərbaycanda?
Buna da bir örnək verək. Təxminən ayyarım öncə Gəncəbasardan gəlirdim. Gəncənin çıxışındakı DYP postunda qayda pozdum. Maşınımı dayandırdılar. Nəzakətlə izah etdilər ki, niyə dayandırıblar. Sonra xəbərdarlıq etdilər. Ayaz adlı yol polisi yaxınlaşıb yaxşı diləməzdən öncə bir çay da təklif etdi. Belə çay təklifi başqa bir postda da olmuşdu. Bu da səbəbsiz deyil. Daxili İşlər Nazirliyi bütün yol polislərinə təlimat verib ki, sürücülərlə mülayim və anlayışlı davransınlar. Hətta yuxulu, yorğun sürücülərə istirahət təklif edib çay versinlər. Bir az söhbətə məşğul edib açılışmalarına yardım etsinlər. Hə, onu da əlavə edək ki, Azərbaycan polisi ilə sərt danışsaq belə onlar bizi ABŞ polisi kimi öldürməzlər.
Təbii ki, bu örnəklərlə bərabər mənfi hallar haqqında da danışa bilərik. Qüsurlarımız var. Bəzən ən xırda məsələ belə bizi özümüzdən çıxarır. Bizim kimi insanlar gördüyümüz qüsurları konstruktiv şəkildə tənqid edir, düzəldilməsi üçün vətəndaş təşəbbüsü göstərir. Hər şeyi qara rəngdə görməyə alışmış, Azərbaycanın uğurlarını həzm edə bilməyən dağıdıcı radikallar isə ən adi məsələni şişirdib ölkənin altını üstünə çevirmək üçün çağırışlar edirlər.
O ünsürlərin əsas məqsədi, əlbəttə ki, iddia etdikləri kimi Azərbaycan vətəndaşının rifah halı deyil. Onların məqsədi ağalarının tapşırıqları əsasında ölkəmizi daha “demokratik” hala gətirməkdir. Örnək üçün, Suriya, İraq, Liviya kimi yəni. Bizə bu lazımdırmı?..
Yeri gəlmişkən, oktyabr ayından da minimum pensiyaların məbləği artırılır. Həm əməkhaqqı, həm də pensiya artımı son addım olan deyil. Prezident İlham Əliyevin özü də növbəti artımların anonsunu verib. Özü də bu artımlar fonunda dövlətin nəzarət etdiyi bütün sektorlarda mal və xidmətlərin qiymət səviyyəsi əvvəlki həddə saxlanır… (azpress.az)