Ərdoğan 21 ildə nələrə nail oldu?

0
402

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən 21 il ötür.

Rəcəb Tayyib Ərdoğanın siyasi fəaliyyətinin və qardaş Türkiyənin keçdiyi inkişaf yolunun bəzi məqamlarına nəzər salaq.

İstanbul Büyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə türk şair Ziya Gökalpın “Əsgər duası” şerini oxuduğuna görə 1999-cu ildə 10 ay həbs cəzasına məhkum edilən Ərdoğan azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətini daha da artırır. 2001-ci il avqustun 14-də Türkiyənin hazırkı hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qurulur. Bir il sonra, 2002-ci il noyabrın 3-də Türkiyə Böyük Millət Məclisi seçkilərinə qatılan AK Parti 34,28 faizlə ən çox səs toplayan partiya olur. Sonrakı dövrdə siyasi qadağanın götürülməsi ilə Ərdoğanın liderliyində irəliləyişi davam etdirən partiya indiyədək 21 il fasiləsiz davam edən iqtidarlıq yoluna qədəm qoyur.

Bundan əvvəlki dövrlərdə böyük iqtisadi və siyasi böhranlar yaşayan Türkiyə dövləti AK Parti idarəçiliyində mühüm islahatlara, o cümlədən iqtisadiyyat, daxili və xarici siyasət, təhsil, səhiyyə, nəqliyyat, müdafiə sənayesi və sosial sahələr olmaqla, bir çox istiqamətlərdə sürətli irəliləyişə nail olub. Həmçinin son 21 ildə qətiyyətli və aktiv xarici siyasəti ilə qlobal səviyyədə sözünü deyə bilən aparıcı ölkələrindən birinə çevrilib.

Ötən müddətdə çoxsaylı terror aktları, 2016-cı ildə isə dövlət çevrilişinə cəhd kimi xoşagəlməz hadisələrlə üzləşən AK Parti hakimiyyəti bütün vəziyyətlərdə xalqın dəstəyini alaraq yenilməz iradə və qətiyyət nümayiş etdirib.

Hakim partiyanın yürütdüyü siyasətin təməl istiqamətlərindən biri də milli müdafiə sənayesinin gücləndilirməsidir. Son 21 ildə Türkiyənin müdafiə potensialında yerli istehsal nisbəti 20 faizdən 80 faizədək yüksəldilib və ölkə istehsal etdiyi yeni nəsil texnika ilə dünya hərb tarixinə adını yazdırıb.

Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyədə bütün sahələrdə mühüm islahatlar həyata keçirilib. Bundan 21 il əvvəlki dövrə baxdıqda, Dünya Bankının hesablamalarına əsasən, Türkiyə əhalisinin üçdə biri yoxsulluq həddinin altında yaşayırdı. Hazırda isə ölkə iqtisadiyyatının üç dəfə böyüdüyünü və ixracatın 254 milyard ABŞ dollarını keçdiyini görmək olar.

2003-2014-cü illər arasında 11 il Türkiyənin Baş naziri vəzifəsini icra edən Ərdoğan bu il mayın 28-də keçirilən növbəti prezident seçkilərində də qalib gələrək adını ölkə tarixinə “seçkilərdə məğlub olmayan lider” kimi yazdırıb.