Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.
Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən bu il Qurban bayramı avqsutun 12-si və 13-də qeyd edilir.
Bayramı namazı avqustun 12-də 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə əsasən, müsəlmanlar Qurban bayramında bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, valideynlərinə, yaxın qohumlarına baş çəkir, aztəminatlı ailələrə yardım edirlər.
Qurban kəsmək, əsasən, Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq lazımdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır.