Moskva sülhməramlıları niyə indi çıxarmaq istəmir? – ÜÇ SƏBƏB

0
238

Putin Rusiya sülhməramlılarının rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalı olduğunu açıqlayıb. Onun “rəsmi olaraq” qeyd etdiyi istinad nöqtəsi 10 noyabr razılaşmasıdır. Hərçənd, antiterror tədbirlərindən sonra 10 noyabr razılaşmasının 4-cü bəndi qüvvədən düşüb:

– Azərbaycan özü erməni silahlı qüvvələrini tərki-silah edir və ərazisindən çıxarır;
– Sülhməramlıların qalma müddəti ilə bağlı qərar verəcək tərəflərdən biri – Ermənistan prosesdən kənarlaşdırılıb;

Azərbaycan sülhməramlıların qalma müddətinin uzadılmasını istəmir, Putinin “2025-ci il” sözlərindən sonra “əlbəttə, bu məsələni tərəfdaşlarımızla dialoq yolu ilə həll etməliyik” qeydi o deməkdir ki, Bakı rus kontingentinin fəaliyyətinin vaxtından əvvəl başa çatmasını, Moskva isə daha iki il qalmasını istəyir. Bu həm də o deməkdir ki, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması (2025-ci ildən sonra) artıq gündəmdə deyil, bölgədə bunun üçün praktiki əsaslar da qalmayıb.

Rusiyanın ehtiyac qalmasa da, sülhməramlılarını 2025-ci ilə qədər saxlamaqda məqsədi var:

Birincisi, Bakı və İrəvan arasında vasitəçilik planını davam etdirən Moskvanın əsas istinad nöqtəsi tərəflərin imzaladığı yeganə sənəd olan 10 noyabr razılaşmasıdır: sülhməramlıların vaxtından əvvəl çıxması ümumilikdə bəyanatın legitimliyini sual altında salır;

İkincisi, 10 noyabr bəyanatının legitimliyinin sual altına düşməsi İrəvana kommunikasiyanın açılması öhdəliyindən imtina etmək imkanı yarada bilər və bu, Zəngəzur dəhlizi məsələsi fonunda təkcə ruslara deyil, Bakıya da sərfəli deyil;

Üçüncüsü, Moskva sülhməramlılarını Qarabağdan çıxarıb evə qaytarmağı yox, “sülhə töhfə” adı altında Cənubi Qafqazda saxlamaq niyyətindədir: rus kontingentinin hara köçürüləcəyi hələ də sual altında olsa da, Lavrov bu planlarını açıq şəkildə bəyan etdi: istisna deyil ki, Moskva kontingentinin açılacaq kommunikasiyaların “təhlükəsizliyinin təmin edilməsində” istifadə etmək istəyir və bu məsələlər həll edilənə qədər daha iki il Qarabağda qalmaq niyyətindədir;

Azərbaycanın bununla razılaşması ehtimalı var, xüsusilə iki amil fonunda.

– Ermənistan və Fransa başda olmaqla Qərb cəbhəsi Qarabağa “beynəlxalq missiya”nın daxil olmasını gündəmə gətirir: sülhməramlıların indi çıxarılması Qərb oyunçularının “boşluğu doldurmaq” istəklərinin önünü aça bilər və mümkündür ki, Bakı rus sülhməramlılarını bu planlara qarşı istifadə edəcək;
– Bakı Zəngəzur dəhlizi planları fonunda 10 noyabr razılaşmasının legitimliyinin sual altına düşməsini istəmir;

Lakin sülhməramlılar daha iki il qalacaqsa, onların fəaliyyətinin maksimum formallaşdırılması, heç bir “nəzarət zonası”nın qalmaması lazımdır.