İyulun 24-də saat 22 radələrində Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotoları yayımlanıb.
Bununla bağlı Türkiyə Müdafiə Nazirliyi görüntülər paylaşıb.
Məlumatda bildirilib ki, qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən tapılıb.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bu gün verilən xəbərə görə, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.
Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də, axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.