Paytaxtda narkotik aludəçisi olan taksi sürücüləri saxlanılıb

0
185

Ötən gün Bakının Sabunçu rayonunda keçirilən reyd zamanı dörd nəfərin narkotik vasitənin, iki nəfərin isə spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi aşkarlanıb. 

Bu barədə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, reyd Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib:

“Reyd zamanı saxlanılan və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülərin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Belə ki, “Toyota Prius” markalı 12-BF-907 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mahmudov Hafiz Çingiz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3-cü və 333.1-ci maddələri ilə, “Toyota Prius” markalı 10-KY-943 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Həmidov Fərid Adəm oğlu barəsində İXM-nin 322.0.2-ci və 333.1-ci maddələri ilə, “AzSamand” markalı 99-XP-197 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mustafayev Kamran Cəfər oğlu barəsində 329.1-ci və 333.1-ci maddələri ilə, “Chevrolet Cruze” markalı 99-XG-882 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Qulu Şamil oğlu barəsində 329.1 və 333.1-ci maddələri ilə protokol tərtib edilib.

Bundan başqa, iki nəfər sürücünün isə sərxoş halda nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Sərxoş halda avtomobil idarə edən VAZ 21074 markalı 10-MF-345 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhmədov Xəyyam Vahid oğlu barəsində İXM-in 342.6-cı və 333.1-ci maddələri ilə, eləcə də “Toyota Prius” markalı 90-OY-621 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Səfərli Orxan Söhbət oğlu barəsində İXM-in 329.3 və 343.1-ci maddələri ilə protokol tərtib edilib”.

Qeyd edək ki, belə tədbirlərin paytaxtın bütün rayonlarında keçiriləcəyi bildirilib.