Ermənistanın cinayətlərinə şərik olan molla rejimi – VİDEO

0
141

Aprelin 5-də İran parlamentinin plenar iclasında Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasını pisləyən bəyanat oxunub. 210 deputatın imzaladığı bəyanatı parlamentin Qumdan seçilmiş üzvü Əhməd Əmirabadi Fərahani səsləndirib.

Azərbaycan Respublikasının daxili işlərinə və xarici siyasətinə kobud müdaxilə cəhdi sayıla biləcək həmin sənəddə bir çox absurd ittihamlar və cəfəng tezislər yer alıb. Belə ki, bəyanatda Azərbaycanın İsraildə səfirlik açması islam dünyasının maraqlarına zidd addım kimi qiymətləndirilib və iddia olunub ki, bundan sonra dünya müsəlmanları Azərbaycan hakimiyyətini İsrailin məzlum fələstinlilərə qarşı törətdiyi cinayətlərin şəriki sayacaqlar.

Əvvəla, Azərbaycan dövləti istədiyi ölkədə səfirlik açmaq və münasibətləri inkişaf etdirməkdə tam sərbəstdir, bunun üçün hansısa üçüncü dövlətdən, o cümlədən İrandan icazə almağa borclu deyil. Azərbaycan Respublikası müstəqil bir dövlət kimi xarici siyasətini öz milli maraqları əsasında özü müəyyənləşdirir və bu yöndə atdığı addımların İranın, yaxud başqa bir ölkənin xoşuna gəlib-gəlmədiyini nəzərə almaq kimi öhdəliyi yoxdur.

İkincisi, İran deputatlarının məntiqindən çıxış etsək, onda Pakistan və ya Səudiyyə Ərəbistanı kimi böyük müsəlman dövlətlərindən fərqli olaraq, işğalçı Ermənistanla diplomatik əlaqələr quran, onunla hərtərəfli əməkdaşlığını daim inkişaf etdirən İran rejimi də erməni silahlı birləşmələrinin otuz illik işğal dövründə Azərbaycan ərazisində törətdiyi vəhşiliklərə, bir milyon azərbaycanlının məcburi köçkün həyatı yaşayarkən çəkdiyi müsibətlərə şərikdir. Bu qənaəti belə bir fakt da gücləndirir ki, işğal illərində İran deputatlarının müsəlman azərbaycanlılara qarşı Ermənistanın zülmünü pisləyən analoji bəyanat verdiyini, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını Ermənistan hökumətindən tələb etdiyini görən olmayıb.

Daha ətraflı “Azad İran” “YouTube” kanalının növbəti süjetində: