Avqustun 4-də müstəqil Azərbaycan mətbuatının ilk qaranquşunun, mətbuat tariximizdə 2 milyon tirajla nəşr edilən yeganə qəzetin – “SƏHƏR” in birinci nömrəsinin çapdan çıxmasının 30 illiyi tamam olur. Bu münasibətlə qəzetin bütün əməkdaşlarını və oxucularını ürəkdən təbrik edirəm! Şübhəsiz, hər səhərimizin “SƏHƏR”lə açıldığı günləri xatırlayanlar var. “Səhər” haqqında kitablar, dissertasiyalar yazılıb, sənədli filmlər çəkilib. Hər halda, dönüb geriyə baxanda iftixar hissi keçiririk, Vətənimiz, xalqımız üçün çox çətin illərin sınağından şərəflə, peşəkarlıqla, üzüağ çıxmışıq. “Səhər”in adının mətbuat tariximizə qızıl hərflərlə yazılmasında xidməti olan bütün əməkdaşlarımıza və oxucularımıza qəlbən “ÇOX SAĞ OLUN!” deyirik!
“Səhər” haqqında danışanda və yazanda “mən” ifadəsini çox işlədirəm. Əslində, burada təəccüblü heç nə yoxdur. Mən həqiqətən “Səhər”in yaradıcısı, birinci və sonuncu baş redaktoruyam. Amma mənim yazılarımdakı “MƏN” qətiyyən “Məzahir Süleymanzadə” anlamına gəlməməlidir. “Səhər”dən danışarkən işlətdiyim “MƏN” Cəmil Əlibəyov, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Əhməd İsayev, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Elman Qədirov, Bəxtiyar Sadıqov, Etibar Etibarlı, Rafiq Hacıyev, Tahir Aydınoğlu, Vaqif Bəhmənli, Əfqan, Flora Sadıqlı, Aidə Məmmədova…deməkdir.
Bu “MƏN”i Mehdi Alıyev, Nəsimi Həbiboğlu, Süleyman Qaradağlı, Rövşən Binnətli, Rizvan Hilaloğlu, Oqtay Məmmədov, Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Mahir Süleymanov, Tofiq Yusifov, Zöhrab Əmirxanlı, Surxay Hüseynov, İmran Bədirxanlı, Şahin Abasəliyev, Rauf Umudov,Rasim Sadıqov, Dilavər Nəcəfov, Yavər Əsədov, Bəybala Bəybalayev, Azadə Hüseynova, İlhamə Qasımlı, Səriyyə Müslümqızı, Şamıl Sabiroğlu, Seyidağa Cabbarov, Ələskər Cabbarov, Şahin Əliyev, Şamama İsmayılova…kimi də oxumaq olar. Gözəl xanımlarımız Pərinaz, Sevda, Reyhan, Ofelya, Sədilə, Dilarə, Siddiqə, sürücülərimiz Ramiz Abdullayev və Əzim kişi də bu “MƏN”in içindədir. Yaşlı adamam, adlarını çəkmədiklərim məni bağışlasınlar…
Ən böyük təbrik isə, şübhəsiz, “Səhər”in sədaqətli oxucularına düşür. Çünki, “SƏHƏR”İ yaşadan, məni “MƏN” eləyən onlar – hər səhərlərini “Səhər”lə açanlar olub.
Məzahir Süleymanzadə,
Azərbaycanın əməkdar mədəniyyət işçisi,
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri