“Torpaqda izi olmayanın süfrədə üzü olmaz”…

0
1938
Uşaq vaxtlarında rayon mərkəzinə gəlmək bizimçün hadisəydi. Rayon mərkəzindəki hər daşa, divara diqqət edərdik. Tovuzun mərkəzi küçələrindən birində (el arasında deyilən şəkli ilə “bazara gedən yol”da) “Torpaqda izi olmayanın süfrədə üzü olmaz” yazılmışdı – iri, daş qabarma ilə; kiril hərfləri ilə yazılmış o cümlə, yanılmıramsa, bugünlərdə də yerindədir; hansı qrafika ilə yazılmasından asılı olmayaraq, qüvvədədir, desək daha təsirli olar. Çünki, Sovet dövründə “İş insanın cövhəridir”, “işləməyən dişləməz” deyimləri, habelə işləməyənlər üçün işlədilən “tüfeyli” sözü öz işləkliyini bugün də saxlayır, neçə ki, insan topluluğu var, saxlayacaq da… Və məhz bölgələrlə bağlı “iş”, “əməli çalışma sahəsi” deyiriksə, əlbəttə, göz önünə, ağla ilk gələn, torpaqdı, torpaqdı, yenə torpaqdı. Bitkiçilik, heyvandarlıq, ümumən kənd təsərrüfatı torpaq ünvanlı, torpaq ehtiyaclı, torpaq ayarlıdır, təbii…
Bəlli olduğu kimi, artıq bir neçə ildir Azərbaycanda kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi, bu məqsədlə uyğun əməli çalışma sahələrinin – örnəyi, üzümçülük, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çuğundur istehsalı və s. istiqamətlərin inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun qalxınması, ixrac potensialının daha da yüksəldilməsi və əhalinin məşğulluğunun artırılması, maddi durumunun yaxşılaşdırılması və digər hədəfləri nəzərdə tutub.
Ötən dövr ərzində danışılan sahələr üzrə çox iş görülüb; bu işlərin sonuclarını fermerlər, təsərrüfatla məşğul olan şəxslər, kənd sakinləri bilavasitə görür.
Buna görə də dövlətin kənd təsərrüfatının inkişaf etdirilməsi yönündə həyata keçirdiyi məqsədyönlü siyasət sadə insanların, fermerlərin, kənd sakinlərin həyatında şəkillənir. Bu şəkillənmələr yeni evlərin tikilməsi, yeni infrastrukturların meydana gəlməsi, məhsul bolluğu, məhsul çeşidliyi, əhalinin sayının artması, əhalinin getdikcə daha güvənli ortamda gələcəyə baxması, hətta, geyim-keçimdə, necə deyərlər, “minimum ehtiyac zənbili”nin tərkibində və s… formatda, məzmunda özünü göstərir.
Bu arada, son aylar dilimizə düşmüş yeni bir deyimi xatırlatmaq istərdim: “Kənddən şəhərə”. Bəli, məqsədi şəhər əhalisini təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək, kiçik və orta fermer təsərrüfatı yiyələtinə dəstək göstərmək olan “Kənddən şəhərə”, Dövlət Aqrar Ticarət Şirkətinin markasıdır.
Artıq “ASAN”, “DOST”, “SƏLİS” kimi yeni xidmət sahələri yaxud Azərbaycan brendləri sırasında “Kənddən şəhərə” də özünəməxsus yer tutur, ictimai dəstək görür, həm şəhər, həm də kənd sakinləri vasitəsi ilə ümumən xalqın marağını cəlb edir. Və nə yaxşı ki belədir! Qoy, həm mahiyyəti, daşıdığı məzmun ilə, həm də, qulağa, gözə, könüllərə xoş təsiri ilə belə sözlərin, belə fəaliyyət sahələrinin sayı çox olsun! İmkanlar xalqımızın hər bir fərdi üçün, harada yaşamasından, kim olmasından asılı olma¬yaraq, əlyetən olsun! Yeni imkanlar çiçəkləsin!
***
Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti, müvafiq sahəyə aid kon¬sep-tual baxış, həyata keçirilən müvafiq tədbirlər, nəticə etibarı ilə vətəndaşlarımızın sosial durumuna, əmək məşğulluğuna (başqa sözlə, faydalı məşğulluğuna), ümumilikdə xalqın so¬si¬al rifah halının yüksəlməsinə öz müsbət təsirini göstərməkdədir.
Kənd sakinlərinin əkib-becərməsi, məhsulunu bazarlaması, qazanc əldə etməsi, bütün bu və b. sadalananların əhalinin ümumi sosial durumuna müsbət təsiri ilə bağlı Dövlət Statistika Komitəsinin il ərzində, bəzən il içində açıqladığı bilgilər, KİV-lərdə yayınlanan mötəbər ma-teriallar, eləcə də, bu sətirlərin yazarı kimi, qardaşı-bacısı kənddə yaşayanlar yaxşı bilir ki, son illər kəndə yeni nəfəs gəlir. Çox ümid edirik ki, bu gəliş (dönüş), kəndlərimizi daha da canlandıracaq, həyət-bacalar yaşıllanacaq, şəhərə tərk edilmiş evlər yenidən şennənəcək, hə-yətlərdən qara zurna, gurlayan dəf, çağlayan saz müşayiəti ilə qızlar köçüb, gəlinlər gələcək…
Sözlərimi Azərbaycan Prezidenti İlham Əliyevin yanında bu il iyulun son günü keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə, Prezidentimizin çıxışından alınmış bir neçə cümlə ilə bitirmək istərdim:
“İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir.
…Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsər¬rüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.”
Əkbər QOŞALI