İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan etirazlar 3 aya yaxındır ki, davam edir. Nümayişlərlə bağlı məhkəmələrdə indiyədək 11 nəfərə edam, bir nümayişçiyə isə ölüm hökmü çıxarılıb.
Artıq 84 gündür davam edən və bütün ölkəyə yayılan nümayişlər 2009-cu ildə keçirilən qalmaqallı prezident seçkilərindən sonra baş verən hadisələrdən sonra ən təsirli olmaqla yanaşı, ölkədə hökumət əleyhinə ən uzun etiraz aksiyaları hesab edilir.
Etirazlar zamanı saxlanılan və ya həbs edilənlərin etnik və ya məzhəb qrupu haqqında dəqiq məlumat yoxdur. Bununla belə, edama məhkum edilən 11 nümayişçidən 6-sı Tehranda baş verən nümyişlər zamanı həbs edilib.
Artıq edamların icrasına başlanılıb. Nümayişlər zamanı həbs edilən Muhsin Şikari noyabrın 20-də “odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, milis qüvvələri (Besiç) ilə toqquşmaq, mühafizəçini yaralamaq və dövlətə qarşı müharibə aparmaq” maddələri ilə ittiham olunaraq ölümə məhkum edilmişdi. Sözügedən şəxsə verilən ölüm hökmü dekabrın 8-i səhər saatlarında icra olunub. Muhsin Şikari İrandakı etirazlarla bağlı edam edilən ilk nümayişçi olub.