Bakıda Mərakeşin milli bayramı qeyd olunub

0
531

Bakıda Mərakeşin milli bayramı – Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Qəbulda əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səsləndirilib.

Səfir Məhəmməd Adil Embarş tədbirdə çıxış edərək Mərakeşin əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib ki, Kral VI Məhəmmədin hakimiyyətə gəlişindən keçən 20 il ərzində ölkə iqtisadiyyatının modernləşməsi, gender məsələləri və yoxsulluğa qarşı mübarizə milli prioritetlərə çevrilib və bütün milli sərvətlər bu istiqamətdə səfərbər olunub. Nəticədə Mərakeş regionda müxtəlif sektorlarda, o cümlədən avtomobil istehsalı, aerokosmik sənaye sahələrində böyük uğurlara imza atıb. Mərakeş kommunikasiya və nəqliyyat infrastrukturunun inşası, genişləndirilməsi və yenilənməsi nəticəsində regional logistika mərkəzlərindən birinə çevrilir.

Səfir qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında münasibətlər müxtəlif səviyyələrdə inkişaf edir. Hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış edir. Səfir Saxara məsələsində konstruktiv mövqeyinə, Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Diplomat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artmaqda davam edir. Qarşılıqlı turist səfərlərinin sayında da artım var.

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov qəbulda çıxış edərək bayram münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib. Bildirib ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri, o cümlədən Mərakeş krallığı ilə əlaqələri inkişaf etdirməyə önəm verir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Mərakeşin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilir.

İqtisadi sahədə də yaxşı əməkdaşlığın olduğunu vurğulayan nazir müavini qeyd edib ki, 2018-ci ilin martında Bakıda Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində imzalanmış sənədlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 23 sənəd imzalanıb. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir.