Hulusi Akar: Türkiyə ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir

0
592

Əgər Türkiyə və ABŞ arasında Suriyanın şımalında “təhlükəsizlik zonası” haqqında razılıq əldə olunmasa Ankara bunu təkbaşına yaratmaq məcburiyyətində qalacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Mark Esperlə telefon danışığı zamanı bildirib.

H.Akar telefon danışığı zamanı qeyd edib ki, Ankara ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir.

Nazir həmçinin vurğulayıb ki, Türkiyə ölkənin cənubunda terror dəhlizinin yaradılmasına imkan verməyəcək.

Suriyanın şimalında yaradılması planlaşdırılan “təhlükəsizlik zonasından” danışan türkiyəli nazir qeyd edib ki, bu zonada lazımi nəzarəti yalnız Türkiyə təmin edə bilər.

H.Akar bildirib ki, PKK/YPG terror təşkilatının “təhlükəsizlik zonasında” olan bütün silahları toplanmalıdır, onların bütün tunelləri və mövqeləri məhv edilməlidir və terror təşkilatının üzvləri bu ərazidən çıxarılmalıdır.

Onun sözlərinə görə, bu zona Suriya ərazisinin 30-40 kilometr dərinliyində olmalıdır.

F-35 proqramı haqqında danışan nazir bildirib ki, Ankara yalnız müştəri deyil, həmçinin beşinci nəsil qırıcı təyyarələrin hazırlanması üzrə proqramın investoru və vacib tərəfdaşıdır.