“Dağlıq Qarabağ erməniləri Gürcüstan vasitəsilə köçürülə bilər”

0
527

Ermənistan və Dağlıq Qarabağdan miqrasiya durmadan artır

Ermənistanın Xİ naziri Z.Mnasakanyan Gürcüstana rəsmi səfər etdi, həmkarı D.Zalkaliani ilə görüşüb, iki ölkə arasında olan məsələlərlə yanaşı regional problematikanı da müzakirə etdilər. Z.Mnasakanyanı qəbul edərkən Gürcüstanın Baş naziri M.Baxtadze onunla Ermənistan-Gürcüstan münasibətlərinə dinamizmin verilməsi və bu işdə yeni layihələrin müsbət rolu, regional təhlükəsizlik məsələlərini müzakirə etdi. Artıq başa düşülür ki, Ermənistanla Gürcüstan arasında yeni layihələr mövcud deyil, yenilik yalnız Gürcüstanın Ermənistana avtomobillərlə taxıl daşınmasını qadağan etməsindən ibarətdir və bu da Ermənistana taxıl daşınmasının hər tonunda 50 dollar əlavə qiymət artımı yaradacaqdır. Z.Mnasakanyanın Gürcüstana səfərinin müsbət nəticəsi Gürcüstan hökumətinin bu qərarı ləğv etməsindən ibarət ola bilərdi. Bu da baş vermədi.

Z.Mnasakanyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqəli “hər bir münaqişənin özünün spesifikliyi var” fikri Gürcüstan rəsmiləri üçün yeni deyil. Gürcüstan rəsmiləri Ermənistanın belə mövqeyinə qarşı çoxdan anti-zəhər tapıblar. Gürcüstan Ermənistan istiqamətində ciddi heç bir müsbət hərəkət etmir. Z.Mnasakanyan 8 il ərzində Ermənistanla Gürcüstan arasında hökumətlərarası komissiyanın iclasının keçirilməməsinin səbəbini başa düşsə çox yaxşı olardı. 8 ildən sonra bərpa olunan bu iclasda N.Paşinyanın cəhdlərinə baxmayaraq Ermənistan və Gürcüstanın Baş nazirləri deyil, Baş nazirlərin müavinləri iştirak etdilər, burada da heç bir nəticə əldə olunmadı. Z.Mnasakanyanın “münaqişələrin spesifikliyi” adı altında guya Dağlıq Qarabağ münaqişəsi gürcü-abxaz və gürcü-osetin münaqişəsindən fərqli olduğunu demək istəyir. Təbii ki, belə bir fərqin olması mümkündür. Çünki Ermənistan Azərbaycan torpaqlarını birbaşa işğal edib; Ermənistanın silahlı qüvvələri hal-hazırda Azərbaycanın torpaqlarındadır. Əgər Abxaziya və Osetiyanın ərazisində qoşun varsa da bu sülhməramlı adı ilə yerləşdirilmiş qoşunlardır. Ermənistan qoşunları isə birbaşa işğalçı qoşunlardır. Azərbaycan Respublikası Prezidentinin göstərdiyi səy nəticəsində artıq 2017-ci ilin noyabrın 24-də “Şərq Tərəfdaşlığı Proqramına” üzv olan ölkələrin ərazisindəki münaqişələrin tənzimlənməsinə vahid yanaşma ortalıqdadır. Ermənistan, Azərbaycan və Gürcüstan “Şərq Tərəfdaşlığı Proqramının” üzvüdür. Bu layihənin iştirakçısı olan dövlətlərin arasında olan münaqişələr dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında tənzimlənməlidir. Z.Mnasakanyanın Dağlıq Qarabağın 150 minlik erməni əhalisinin təhlükəsizliyi məsələsini Gürcüstanda qaldırması xüsusi olaraq diqqəti çəkir. Bu ideya Gürcüstan ərazisində səslənən ideya deyil. Belə ideya hər hansı beynəlxalq konfransda, Ermənistan ərazisində və yaxud Dağlıq Qarabağın özündə səslənə bilər, amma Gürcüstanda səslənməməlidir. Z.Mnasakanyan diplomatdır, əgər bu ideyanı orda səsləndiribsə demək bu mövzuda da müzakirələr gedib. Görünür, Ermənistan həm öz ictimaiyyətini, həm də Ermənistan-Gürcüstan-Rusiya qaynar üçbucağında baş verənlərə yeni dinamizm vermək məqsədilə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyində Gürcüstanın iştirakını gündəliyə gətirib. Bu, Gürcüstan vasitəsilə Dağlıq Qarabağ ermənilərinin digər dövlətlərin ərazisinə köçürülməsi ola bilər. Ermənistandan və Dağlıq Qarabağdan miqrasiya durmadan artır. Gürcü rəsmiləri tamamilə başqa bir alternativ ideyalar da ortalığa qoya bilərlər. Hər halda Z.Mnasakanyanın səfərində ən gözlənilməz, diqqət çəkən məsələ Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin müzakirəsidir. Sonunu gözləməyə ehtiyac var.