Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və gözəl nəticələr verir

0
201

Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.
Bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılış mərasimində söyləyib.
Türkiyə Prezidentini və onunla birlikdə Azərbaycana gəlmiş nümayəndə heyətini səmimiyyətlə salamlayan dövlətimizin başçısı deyib: “Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir”.
Prezident İlham Əliyev xatırladıb ki, düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad olunub, 27 illik işğala son qoyulub. “Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
“Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib ki, bu, birinci özəl sərmayədir. Bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilib.