Azərbaycan nümayəndəsi: “Ermənistan BMT-nin tələblərinə məhəl qoymur”

0
155

“BMT-nin tələblərinə baxmayaraq, Ermənistan aqressiyanın nəticəsinə görə məsuliyyət daşımaqdan imtina edir”.

Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

O xatırladıb ki, Xocalı işğal olunarkən yüzlərlə dinc sakin qətlə yetirilib:

“Belə faciələr bir neçə dəfə olub. Erməni təcavüzü yaşlı insanların, uşaqların, qadınların həyatını itirməsinə səbəb olub, xeyli insan girov götürülüb. Girovlardan bəziləri sonradan öldürülüb, bəziləri sağlamlığını itirib”.

T. Musayev bildirib ki, onlar Azərbaycan toponimlərini erməni adlarına dəyişib, milli sərvətləri talayıblar:

“Əksər kənd və şəhərlər dağıdılıb. Ermənistan beynəlxalq qanunları, həmçinin Haaqa və Cenevrə konvensiyalarının müddəalarını pozub. Bu cür ağır müharibə cinayətləri törədən dövlətlər kompensasiya ödəməlidir. Azərbaycan bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib”.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini vurğulayıb ki, Ermənistan münaqişədən sonrakı humanitar səylərə, o cümlədən insanların öz yurd-yuvalarına qayıtmasına mane olur:

“Azərbaycan münaqişənin ilk günlərindən beynəlxalq ictimaiyyətin diqqətini belə məqamlara çəkməyə çalışıb. Beynəlxalq ekspertlər ciddi hüquqi təhlil aparıblar. 2009-2019-cu illərdə həmin təhlillər dərc edilərək yayılmışdı. Azərbaycan səylərini bundan sonra da davam etdirəcək və Ermənistanın məsuliyyətə cəlb olunmasına çalışacaq”.