Çingiz Qənizadə: Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı

0
142

AZƏRTAC

Çingiz Qənizadə: Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı

Yaxın vaxtlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbəmizin ikinci ilini qeyd edəcəyik. Düşmən üzərində qazandığımız tarixi Qələbə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Bu qələbə Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə nümayiş etdirdi və işğal altında olan torpaqlarımızı öz qüvvəsi ilə azad etdi. İndi həmin ərazilərdə əzəmətli Azərbaycan bayrağı dalğalanır. Bu gün Füzuli rayon sakinləri üçün iki qat sevinclidir. Axı iki il əvvəl məhz bu gün – oktyabrın 17- də Füzuli rayonunun 27 illik işğalına son qoyuldu. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı.
Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, bu gün hər bir soydaşımız Azərbaycan bayrağının Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanmasından qürur hissi keçirir. Müharibə başlanan gündən, demək olar ki, hər gün qəhrəman ordumuz irəliyə getdi, bir-birinin ardınca yaşayış məntəqələrimizi düşməndən azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan hər gün xalqımızı ordumuzun torpaqlarımızı düşməndən azad etməsi müjdəsi ilə sevindirirdi. 2020-ci il oktyabrın 17- də rəşadətli ordumuz Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini düşməndən azad etdi.
Ç.Qənizadə Füzuli şəhəri və rayonun böyük hissəsinin 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu xatırladıb. Bildirib ki, Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə – 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunub.
Hüquq müdafiəçisi Füzuli uğrunda aparılmış döyüşlərin Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olduğunu vurğulayıb. Deyib ki, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi: “Otuz il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ancaq Füzuli uğrunda döyüşlərdə rəşadətli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Bunu dünyanın tanınmış hərbi ekspertləri də etiraf edirlər. Vətən müharibəsində düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib”.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığının möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran komitə sədri deyib ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Ç.Qənizadə bildirib ki, Vətən müharibəsi başa çatandan bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk səfəri məhz Füzuli rayonuna etdilər və bununla da genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinə start verildi: “Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi və ilk sərnişinini-qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsi dünya ictimaiyyətini də heyrətləndirdi. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”, daha bir Füzuli – Şuşa yolu, kommunikasiya və elektrik xətlərinin bərpası artıq başa çatıb. Hazırda yeni yaşayış binalarının, məktəblərin, səhiyyə müəssisələrinin, həmçinin Dövlətyarlı “ağıllı kənd”nin tikintisi sürətlə davam etdirilir.
Ümumiyyətlə, rayon ərazisində aparılan tikinti-bərpa işlərini saymaqla qurtaran deyil. Yaxın vaxtlarda Böyük Qayıdışın sevincini füzulilər də yaşayacaqlar. Gözünüz aydın, əziz füzulilər!”.