Hikmət Babaoğlu: “İlham Əliyevin hakimiyyətə gəlməsi yeni bir eranın başlanğıcı oldu”

0
197

“İlham Əliyevin 2003-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi dövlətçilik tariximizdə tamamilə yeni bir eranın başlanğıcı oldu”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, bu tarixi mərhələ həm də ötən hər günü ilə bizi böyük qələbəmizə yaxınlaşdıran xüsusi bir mərhələ kimi səciyyələndirilməlidir: “Özlüyündə isə İlham Əliyevin hakimiyyəti əslində biri digərinin davamı olan və biri-birini tamamlayan iki dövrdən ibarətdir. Birinci dövr strateji inkişaf, islahatlar, sosial rifah, sənayeləşmə, beynəlxalq logistika və kommunikasiyaların yaradılması, eyni zamanda tarixi qələbəmizi təmin etməli olan hərbi-siyasi və strateji diplomatiya dövrüdür. Bu dövrün digər səciyyəvi cəhəti milli mənəvi dəyərlərin və vətənpərvərliyin təntənəsi, siyasi və mənəvi varisliliyin təmin edilməsi, milli enerjinin vahid milli maraqlar ətrafında səfərbər edilməsidir. Şübhəsiz ki, sadalanan komponentlərin hər biri milli gücün kəmiyyət və keyfiyyət komponentləri baxımından əsas strateji komponentlər kimi çıxış edir. Onların həyata keçirilməsi isə bir siyasi liderdən fövqəladə bacarıq və ümumi milli rəğbət tələb edir. Prezident İlham Əliyev məhz öz xalqından aldığı güc və əlahiddə siyasi liderlik keyfiyyətləri ilə bu tarixi vəzifələrin öhdəsindən gəlməyi bacardı”.

Deputat qeyd edib ki, ikinci dövr 44 günlük Vətən müharibəsi və ondan sonra başlayan tamamilə yeni bir tarixi dövrdür: “Bu dövrün tarixiliyi ondan ibarətdir ki, hər şeydən öncə əldə etdiyimiz qələbə son iki yüzillik hərbi-siyasi tariximizin ən strateji əhəmiyyətli və ən irimiqyaslı qələbəsi idi. Buna görə də dövlətçilik tariximizdə yeni bir mərhələ yaratmaqla yeni strateji çağırışlar və vəzifələr müəyyənləşdirdi. Milli psixologiya və mənəviyyatımızda elə dərin keyfiyyət dəyişiklərinə səbəb oldu ki, milli xarakterimizi və mentalitetimizi yenilədi. Yəni bizi qalib xalqa çevirdi. Təkcə bu bir cümlə kifayətdir ki, Prezident İlham Əliyevin xalqımız üçün nə qədər böyük tarixi işlər gördüyünü dərk edək! Ona görə də hakimiyyətə gəldiyi 2003-cü ildən bu günə qədər gördüyü işlər, həyata keçirdiyi strateji tarixi vəzifələrlə İlham Əliyev özü böyük tarixi şəxsiyyətə çevrildi! Hazırda İlham Əliyevin qurduğu Yeni Qalib Azərbaycan təkcə dünya azərbaycanlıları üçün deyil, bütün türk-müsəlman dünyası üçün cazibə mərkəzidir”.