Ankara Univeristetində Şuşa ilinə həsr olunmuş tədbir keçirilib

0
205

Türkiyənin tanınmış ali məktəblərindən Ankara Univeristetində 18 oktyabr – Müstəqilliyin bərpası günü və Şuşa ilinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı, universitetin pedaqoji heyəti və tələbələrinin iştirakı ilə baş tutan tədbirdən əvvəl foyedə “Qarabağın mirvarisi Şuşa” sərgisinin açılışı həyata keçirilib. Səfir Rəşad Məmmədov sərgidə nümayiş olunan şəkillər barədə tələbələrə ətraflı məlumat verib.

Mərasim Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayıb. İştirakçılara Şuşaya həsr olunmuş qısa film nümayiş etdirilib və Universitetdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Azərbaycan musiqiləri təqdim olunub.

2022-ci ildə ali məktəbə keçirilmiş qəbul imtahanlarında ən yüksək – 700 bal toplayaraq Azərbaycan birincisi olmuş və hazırda Ankara Universiteti tibb fakültəsində təhsil almaqda olan Nigar Ağazadə azərbaycanlı tələbələr adından çıxış edərək, bütün vətənpərvər gənclərin yenidən müstəqilliyini qazanmış ölkəmizin rifahı naminə çalışmağa hazır olduğunu bildirib.

Ankara Universitetinin rektoru Nəcdət Ünüvar çıxışında Türkiyənin hər zaman Azərbaycanla bərabər olduğunu, bu qardaşlığın əbədiyyətə qədər davam edəcəyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ölkəmizin müstəqillik tarixi barədə geniş çıxış edərək, müstəqilliyin yenidən qazanılmasından sonra keçən 31 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətləri xüsusi qeyd edib və Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətinə diqqət çəkib.

Tədbirin sonunda səfir universitet tələbələrinin suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirib.