Apteklərdə dərman qıtlığı var? – AÇIQLAMA

0
226

Bir neçə gündür sosial şəbəkələrdə apteklərdə bəzi dərmanların əlçatanlığının qismən olsa məhdud olduğuna dair paylaşımlar edilir. 

Xüsusilə adrenalin, natrium xlorid, eləcə də qlükoza və fizioloji məhlulların tapılmasının da çətin olmasına dair paylaşımlara rast gəlinir. 

Bu problemin nədən qaynaqlandığını, ümumiyyətlə irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Mərkəzdən bildirilib ki, Analitik Ekspertiza Mərkəzinin İdxal-ixrac şöbəsinin idxal bazasına əsasən, qlükoza və natrium xloridin idxal edilməsi üçün son müraciət 07.10.2022-ci il tarixində qeydə alınıb:

“Bazaya əsasən adıçəkilən dərman vasitələrinin idxalına müraciətlərdə fasilə olmayıb.

Bundan başqa qeyd edək ki, Analitik Ekspertiza Mərkəzində “Adrenalin – Zdorovye”, “Adrenalin – Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Bu o deməkdir ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq, ölkəyə gətirə bilər. Mərkəzin laboratoriyasında ekspertizadan keçdikdən sonra, ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı dərmanlar “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir”.