Jurnalistlər reyestrə daxil edilmədən və müvafiq vəsiqəni almadan da maneəsiz fəaliyyət göstərə biləcək

0
264

“Şəxsin jurnalist kimi fəaliyyət göstərməsi üçün onun Media Reyestrinə daxil edilməsi imperativ xarakter daşımır. Başqa sözlə, bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir”.

Bunu müsahibəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli Reyestrə düşməyəcək və müvafiq olaraq, jurnalist vəsiqəsi almayacaq şəxslərin aqibəti ilə bağlı deyib.

Onun sözlərinə görə, bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir.

“Media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdir. Bir sözlə, jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər”, – deyə C. Həsənli vurğulayıb.