Ərəb mediası Azərbaycan diasporunun Edillidə kütləvi məzarlıqla bağlı bəyanatını dərc edib

0
159

Misir, Səudiyyə Ərəbistanı, İraq, Yəmən və İordaniyanın qəzet və portalları ərəb ölkələrindəki Azərbaycan icmasının Xocavənd rayonunun Edilli kəndində erməni vəhşiliyinin qurbanı olmuş azərbaycanlı hərbçilərin kütləvi məzarlığının tapılması barədə bəyanatını yayıb.

Bəyanatda ərəb ölkələrindəki Azərbaycan icmasının Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Edilli kəndində törətdiyi əməlləri qətiyyətlə pislədiyi qeyd olunub. Bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, hərbçilərimizin əllərinin və ayaqlarının bağlı olduğu, yaxın məsafədən güllələndiyi müəyyən edilib.

Bəyanatda deyilir: “Bildiririk ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə qətlə yetirilmiş 12 insan qalığı tapılıb. Ümumilikdə Edillidə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayı 25-ə çatıb. Geyim və əşyalarından həmin şəxslərin hərbçi olduqları və işgəncə verilərək qətlə yetirilmələri bir çox ifadələrlə sübuta yetirilib.

Aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi naməlum olan azərbaycanlılara məxsusdur. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb”.

Azərbaycan icması vurğulayıb ki, bu məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərinin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar bunun bariz sübutlarıdır.

Bəyanatda təəssüf hissi ilə qeyd edilib ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərini dayandırmaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır. Mühüm bir faktı da unutmamaq lazımdır ki, Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalayıb, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər şəhərlərinə raket zərbələri endirib, nəticədə yüzdən artıq dinc sakin həlak olub. Lakin Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanata və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minədək azərbaycanlının taleyi barədə məlumatları ölkəmizə təqdim etməyib.

Sonda bildirilib ki, ərəb ölkələrindəki Azərbaycan diasporu bu faktları Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, Ermənistanın hərbi cinayətlərinin qarşısının alınmasını tələb edir, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə, eyni zamanda, regionda dayanıqlı sülhün bərqərar olması üçün rəsmi İrəvanı öz öhdəliklərini yerinə yetirməyə çağırır.