Çexiyalı jurnalist Gəncə terrorundan danışdı: “Bu mənzərəni indi biz Ukraynada görürük”

0
206

“2020-ci ilin oktyabrında Gəncədə törədilənlə hazırda Ukraynada təkrarlanır. Eyni mənzərəni biz orda görürük”.

Bunu Gəncədə səfərdə olan çexiyalı jurnalist Puyl Mixail “Report”a bildirib.

“Burada gördüklərim məni çox təəccübləndirdi. Çünki mən müharibənin tək Qarabağda getidyini düşünürdüm. Hesab edirəm ki, müharibəni yalnız hərbi yerlərdə aparmaq lazımdır. Biz işğaldan azad olunan ərazilərdə də olduq. Orada və Gəncədə gördüklərimizi, öyrənib bildiklərimizi çalışdığımız media sayəsində Çexiyada vətəndaşlarımıza çatdıracağam”, – Puyl Mixail vurğulayıb.

Qeyd edək ki, bir qrup xarici media nümayəndələri Gəncə şəhərində səfərdədirlər.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.