Vətən müharibəsinin salnaməsi: 10 oktyabr

0
174

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Müharibənin 14-cü günü

• Azərbaycan Ordusunun hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.

• Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alaraq onu darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.

• Azərbaycan Ordusu Qubadlıda düşmənin “S-300” idarəetmə sistemini məhv edib.

• Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.

• Humanitar atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.

• Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

• Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 10 oktyabr saat 12:00-a olan məlumata görə, 31 nəfər mülki şəxs həlak olub, 171 nəfər xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.