Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub

0
265

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

Səfir admiral Amcad Xan Niaziyə səmimi qəbula görə öz təşəkkürünü bildirib, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

Səfir Pakistan və Azərbaycan arasındakı münasibətlərin tarixi və mədəni bağlara dayandığı üçün güclü olduğunu və hər iki ölkənin bir-birinə daim dəstək verdiyini qeyd edib. O, 44 günlük Vətən müharibəsi zamanı Pakistan dövlətinin və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun göstəricisi kimi müharibənin gedişi zamanı Azərbaycan, Pakistan və Türkiyə bayraqlarının Azərbaycanın şəhər və kəndlərində birgə dalğalandığını qeyd edib.

Diplomat Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi təhsil müəssisələrində Azərbaycan Hərbi Dəniz Qüvvələri mənsublarına müxtəlif təhsil proqramları təqdim olunduğu üçün öz təşəkkürünü bildirib və bu əməkdaşlığın Azərbaycan tərəfindən təqdir olunduğunu diqqətə çatdırıb.

Admiral Amcad Xan Niazi ölkələrimizin bir-birinə göstərdiyi dəstəyin xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən qaynaqlandığını xüsusi vurğulayıb. O, Pakistan Hərbi Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıq olduğunu diqqətə çatdırıb.

Səfir ölkələrimizin Hərbi Dəniz Qüvvələri arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli səfərlərin önəmli olduğunu vurğulayıb və cari ildə də bu istiqamətdə müvafiq fəaliyyətin həyata keçiriləcəyini qeyd edib.