8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik

Bu gün dünyanın ən müqəddəs, ən mərhəmətli və ən güclü varlıqları olan qadınların günüdür. 8 Mart – qadının sevgi, mərhəmət, sədaqət və fədakarlıq simvolu olduğunu bir daha xatırladan əziz gündür.

Başda Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz anaları, onların kədərini qürura çevirən şəhid anaları, qardaş həsrəti ilə yaşayan şəhid bacıları, həyatını yarım qoyub Vətənə əmanət edilən şəhid həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizlər sadəcə qadın deyilsiniz. Sizlər bu Vətənin mərdliyini, dözümünü və müqəddəsliyini öz qəlbində daşıyan böyük ürək sahiblərisiniz. Şəhid anaları bu torpağın ən uca zirvəsidir. Onların göz yaşında Vətənin ağrısı, onların qürurunda isə Azərbaycanın şərəfi yaşayır.

Azərbaycan qadını tarix boyu mərdliyi, ləyaqəti, sədaqəti və müdrikliyi ilə seçilib. O həm ailənin dayağı, həm cəmiyyətin nuru, həm də Vətənin qeyrətidir.

Bu əlamətdar gündə bütün xanımlarımıza sağlamlıq, xoşbəxtlik, ailə səadəti arzulayır, həyatınıza sevinc, evlərinizə bərəkət, qəlbinizə nur arzulayıram.

Qoy Azərbaycan qadınının mərhəməti, sevgisi və gücü daim Vətənimizin üzərində nur kimi parlasın.

8 Mart – Beynəlxalq Qadınlar Gününüz mübarək olsun, əziz və dəyərli Azərbaycan xanımları!


Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri