2021-ci ildə sosialyönlü xərclərin bölgüsü haqqında məlumat verilib – FOTO

0
391

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərclərinə büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərcləri daxil olacaq.

Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,9 faiz təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd çoxdur.

Belə ki, 2021-ci ildə sosialyönlü xərclərin 23,1 faizi və ya 6 milyard 592,3 milyon manatı əməyin ödənişi, 13,1 faizi və ya 3 milyard 752,2 milyon manatı təqaüdlər və sosial müavinətlər, 1,7 faizini və ya 477 milyon manatı ərzaq məhsullarının alınmasına, 1 faizi və ya 290,4 milyon manatı dərman, sarğı ləvazimatları və materiallarının alınmasına sərf olunacaq.

Qeyd edilib ki, son 5 ildə yəni, 2016-2021-ci illər ərzində bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,8 faiz-bənd, natural ifadədə isə 4 milyard 874,8 milyon manat və ya 78,2 faiz artıb.