108 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı: Hər gün bunu içir…

İspaniyada yaşayan 108 yaşlı Esperanza Kortinas uzunömürlülüyünün sirlərini açıqlayıb. Yaşına baxmayaraq, qadın aktiv həyat sürür, ictimai nəqliyyatdan istifadə edir, dostları ilə görüşür və hətta rəqs edir.

Bu barədə “Mirror” məlumat yayıb.

Esperanza uzun ömür sürməsində fiziki fəallığın, düzgün qidalanmanın, sosial həyatın və müsbət əhval-ruhiyyənin mühüm rol oynadığına inanır. O, uşaqlıqdan işlədiyini və fiziki əməyin həyatının böyük hissəsini təşkil etdiyini bildirib.

108 yaşlı qadın ciddi pəhriz saxlamır, lakin meyvə və tərəvəzlərə üstünlük verir. Onun gündəlik vərdişlərindən biri isə xüsusilə diqqət çəkib: Esperanza nahardan əvvəl kiçik bir stəkan Qalisiyaya məxsus “Licor Café” adlı qəhvə likörü içir.

Yaşlı qadının gündəlik həyatı da kifayət qədər aktivdir. O, günortadan sonra avtobusla şəhər mərkəzinə gedir, dostları ilə görüşür və həftənin altı günü kart oynayır. Bazar günlərini isə rəqsə ayırır.

Esperanza ötən il omba sümüyünü sındırsa da, sağaldıqdan sonra aktiv həyatına qayıdıb. Bu yaxınlarda isə qızını görmək üçün təxminən beş saatlıq qatar səfərinə çıxıb.

108 yaşlı qadın uzunömürlülüyünü təkcə hər hansı qida və ya içki ilə əlaqələndirmir. Onun fikrincə, əsas sirr hərəkətdə qalmaq, insanlarla ünsiyyət qurmaq, yaxşı qidalanmaq və həyata marağı itirməməkdir.

Qeyd edək ki, spirtli içkinin uzunömürlülüyü təmin etdiyini göstərən elmi əsas yoxdur və Esperanzanın gündəlik likör içməsi onun şəxsi vərdişidir.