Zakir Həsənovun Laçın və Kəlbəcər səfəri: Hərbi hissələrin əhəmiyyəti

0
401

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin istifadəyə verilməsi Azərbaycanın strateji və hərbi üstünlüyünü artırır, bu amilləri dayanıqlı edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir neçə gün ərzində Laçın və Kəlbəcərdə açılan yeni hərbi hissələrdə olub.

Bu, Zakir Həsənovun avqustun 2-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirə fonunda diqqət çəkir.

Nazir həmin müşavirədə Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələrin təhlilinə diqqət çəkmişdi.

Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr etmişdi.

Qeyd edək ki, bundan əvvəl Cəbrayılda, Zəngilanda, Qubadlıda Dövlət Sərhəd Xidmətinin hərbi hissələri fəaliyyətə başlayıb.

Azərbaycan paralel olaraq Ağdam, Xocavənd, Xocalı ərazilərində Müdafiə Nazirliyinə məxsus hərbi hissələr açıb.

Hərbi hissələrin çoxluğu Qarabağ ərazisində olan erməni hərbi birləşmələrinin hər hansı hərbi hərəkətliliyinə barmaq yeri qoymur.

Azərbaycanın indi Laçında və Kəlbəcərdə hərbi hissələr yaratması həm də dövlət sərhədinin möhkəmlənməsinə xidmət edir, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə birgə fəaliyyətin koordinasiyasını gücləndirir.

Bu isə Ermənistan tərəfindən mümkün sərhəd təxribatlarına qarşı preventiv addımların tərkib hissəsidir.

Zakir Həsənov Laçın və Kəlbəcərdə tikilməkdə olan hərbi hissələrə də baş çəkib, demək ki, bu rayonlar üzrə hərbi obyektlərin çoxluğu ordunun qarşısında duran prioritetdir.

Laçın və Kəlbəcərdə tank bölmələrinə üstünlük verilməsi də diqqət çəkir. Tank bölmələri döyüşdə mühüm çəkiyə malikdir, tanklar quru döyüşlərində əsas hücum silahı olaraq önə çıxır.

Ermənistanla dövlət sərhədi təşkil edən işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin çoxluğu delimitasiya və demarkasiya prosesində Azərbaycanın əlini gücləndirən faktordur.