“Venesuela ABŞ tərəfindən “ciddi hərbi təcavüzə” məruz qalıb”.
Bu barədə Venesuela Xarici İşlər Nazirliyi açıqlama verib.
Məlumata görə, Venesuela Prezidenti Nikolas Maduro əhalinin hüquqlarının qorunması, respublika institutlarının tam şəkildə fəaliyyətinin təmin edilməsi və dərhal silahlı mübarizəyə keçid edilməsi üçün fövqəladə vəziyyət elan edib.
“Bu hücumun məqsədi ölkənin siyasi müstəqilliyini zorakılıqla sarsıtmaq məqsədilə Venesuelanın strateji ehtiyatlarını, xüsusən də neft və faydalı qazıntılarını ələ keçirməkdir. Onlar buna nail ola bilməyəcəklər. İki əsrdən çox müstəqillikdən sonra xalq və onun qanuni hökuməti öz suverenliyini, müqəddəratını təyin etmək üçün fikrində qətiyyətlidir”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, yanvarın 3-də səhər saatlarında Karakasda partlayışlar başlayıb. Ölkənin Müdafiə Nazirliyinin Baş Qərargahının və ordu komandanlığının yerləşdiyi “Fort Tiuna” hərbi bazası, “Fransisko de Miranda” aviabazası və hərbi hava limanı zərbələrə məruz qalıb.




