Tanrının sevdiyi insan

0
527

Tanınmış jurnalist, 25 kitabın müəllifi, yaradıcılığı və gözəl xasiyyəti ilə minlərlə insanın qəlbində öz taxt-tacını qurmuş Məzahir Süleymanzadənin həyatla vidalaşması onu yaxından və uzaqdan tanıyan hər bir kəsin qəlbində illərlə sönməyəcək bir acı ocağı yaratdı.
Ömür boyu mehribançılıq rəmzini daşıyan bu insanın yaradıcılıq fəaliyyəti də hər bir kəsin anlayışına uyğun sətirlərlə dolu olmuşdur.
Hər bir kəsə nəsib olmayan bu mehribançılıq onun həm yaradıcı, həm də şəxsi həyatında xoşbəxtlik açarı olmaqla yanaşı, ona qarşı olan diqqətli və diqqətsiz baxışların neytral formaya çevrilməsinə səbəb olmuşdur.
Ətrafından hər bir kəsə mehribançılığını əsirgəməyən Məzahir müəllim eyni zamanda hamıya öz bacarıqlarından pay verməyi əsirgəməmişdir.
Məzahir Süleymanzadəyə Tanrının bəxş etdiyi mənəvi keyfiyyətlərin tam şəkildə qiyməti verilməsə də insanların sevgi və ehtiramı hər cür maddi və mənəvi qiymətdən üstün yer tutmuşdur.
Onun dilindən və qələmindən çıxan heç bir kəlmənin oxşarı yoxdur.
Özünəməxsus yaradıcılıq obyektlərinin izahı da həmçinin… M.Süleymanzadənin 25-dən çox kitabında öz əksini tapmış həyat reallıqları, qəlbinin istəkləri yüzlərlə insanın həyat amalına öz təsirini göstərmişdir.
Bu yaşantılar, istəklər, ehtiramlar uzun illər onun ruhuna sevinc bəxş edəcəkdir.
Allah rəhmət eləsin!

Sənubər