Hadı Rəcəbli var-dovləti ilə bağlı səslənən ittihamlara CAVAB VERDİ: “Bu, ləyaqətsizlikdir…”

0
1158
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin ONA-ya müsahibəsi
– 15 may Beynəlxalq Ailə Günüdür. Çoxuşaqlı ailədə böyümüş Hadi Rəcəbli Azərbaycanda ailə institutunu necə xarakterizə edərdi?
– Cəmiyyətin ilk təşkilatı, təməli, tərbiyənin, sağlamlığın, həyat tərzinin, dünyaya baxışın mənbəyi ailədir. Ona görə də öz ailəmizin nümunəsində bu suala cavab vermək istəyərdim. Anam əməkdar müəllim, Lənkəranda tanınmış nəslin nümayəndəsidir. Bəylərov Kərbəlayi Yunusun 8 qızı, bir oğlu olub. Ata babam Məşədi Əlinin isə 10 uşağı olub. Bir dayım, bir əmim Böyük Vətən Müharibəsinə gedib, qayıtmayıb. Hər iki ailə həmişə dini adət-ənənələrə, Qurandan irəli gələn çoxlu qaydalara riayət edib, ənənələr nəsildən nəslə ötürülüb. Mən də çoxuşaqlı ailədə böyümüşəm, 2 bacı, 4 qardaş olmuşuq. Hamımız ali təhsil almışıq, həmişə nəslimizin ənənələrini yaşatmışıq. Bizim ailənin kökündə birinci zəhmət olub. Həyatda zəhmətsiz heç nə ola bilməz. Tənbəllik bizim nəslə yad amildir. İkincisi, təhsil, savad önəmlidir. Üçüncüsü, ailəmizdə sağlamlıq ənənəsi olub. Ailə ilə bağlı dördüncü məsələ mənəviyyatla bağlıdır. Bizə yalan danışmamağı, halallığı, mənəvi saflığı, sədaqətli olmağı təlqin ediblər. Həyat yoldaşımla 45 ildir, ailə qurmuşuq, 4 övladımız – 2 qız, 2 oğlumuz var, hamısı ali təhsil alıb, heç biri ələbaxımlı böyüməyib. Oğlanlarım məktəbdə oxuyandan – 15 yaşlarından işləyib, pul qazanıblar. Böyük ailəmizdə bütövlük var, bir-birinə dəstək, qayğı var. Dəstək deyəndə, xeyrində, şərində yanında olmaqdan, qayğı göstərməkdən, məsləhət verməkdən söhbət gedir. Yəni biz ailə institutunun bu vacib elementlərini saxlamağa və ötürməyə çalışırıq. On nəvəm var. İki nəvəm ali təhsil alıb, magistraturanı bitirib. İki nəvəm hazırda ali məktəbdə oxuyur, bir nəvəm bu il ali məktəbə imtahan verəcək. Nəvələrimin hamısı qızlı-oğlanlı idmanla məşğul olurlar.
Evimizdə həmişə başımızın üzərində Quran olub, iş otağımda da Quran var. Hazırda ailə üzvlərimizin bir çoxu, mənim bildiyim iki bacım, iki qardaşım, onların bir neçə ailə üzvləri, mən və həyat yoldaşım, iki oğlum və iki qızım, bir nəvəm oruc tuturuq. Mən nəyə heyfslənirəm? Bu gün cəmiyyətə örnək ailələri göstərmirlər. Biz örnək ailələri ortaya çıxarmalı və cəmiyyətə nümunə göstərməliyik. Çalışmalıyıq ki, Azərbaycan ailəsi nümunə olsun və dövlətimiz, xalqımız üçün layiqli övladlar yetişdirsin.
– Ölkədə demoqrafik durumu necə dəyərləndirmək olar? 2011-ci ildən doğulan uşaqların sayının azalması demoqrafik böhrana gətirib çıxara bilərmi?
– 2011-ci ildən bu yana doğulan uşaqların sayı azalır. 2011-ci ildə 176 min uşaq dünyaya gəlmişdisə, 2018-ci ildə 130 mindən bir qədər çox uşaq dünyaya göz açıb. Hər il təxminən 100 min təbii artım 10 milyon əhalisi olan ölkə üçün pis göstərici deyil. Qız və oğlanların faiz nisbətində ciddi fərqlər yoxdur. Çox təəssüf ki, əgər 2014-cü ildə 85 min cütlük nikaha girmişdisə, 2017-ci ildə bu rəqəm 63 minə düşüb, hər min nəfərə boşanmalar 1,5-ə çatıb, bu rəqəm 2011-cu ilə nisbətən 30% artıb.
– Doğulan uşaqların sayının azalmasının səbəbi nədir?
– Avropada dünyaya gələn uşaqların sayı ilbəil niyə azalır? Yeri gəlmişkən, bu gün İranda da uşaqların sayında artım yüksək deyil. Çünki İranda demoqrafik tənzimləmə mövcuddur, bunun üçün ailədə arzu olunarsa, öz xahişləri ilə bu prosesə bəzi müdaxilə edilir. Ona görə indi İranda çoxuşaqlı ailələr azalır. Ümumiyyətlə, cəmiyyət sivilləşdikcə, nədənsə doğuş azalır. Demoqrafik krizis olan, doğuşun azaldığı Rusiyada bu artıq ciddi problemə çevrilib. Yeri gəlmişkən, Rusiyada analıq kapitalı verməyə başlayıblar. Əslində, Azərbaycanda ünvanlı yardımın kökündə çoxuşaqlı, sosial durumu zəif olan ailələr nəzərdə tutulmuşdu.
– Ünvanlı yardımdan söz düşmüşkən, bir zaman dağ yerində yaşayan fiziki imkanları olan ailələrə bu ödənişlər əvəzinə qoyun verilməsini təklif etmişdiniz. Bu, o vaxtlar birmənalı qarşılanmamışdı.
– Bu mənim nəzəri və təcrübi biliklərimin nəticəsi olan fikirlər idi. Ancaq biz sonradan Özünüməşğulluq Proqramı çərçivəsində bu addımların atılmasının şahidi olduq. Özünüməşğulluq ailənin kiçik biznesinin formalaşmasına dəstək verməkdir. Beş-on qoyuna bütün ailə üzvləri, hətta uşaqlarda baxa bilir. Kənd yerində mal-qara saxlamaq, arıçılıq, əkinçilik, kiçik emal müəssisələri açmaq çox faydalı olur. Yəni həm ailənin məşğulluğu təmin edilir, həm də ailəyə gəlir gəlir. Özünüməşğulluq Proqramı çərçivəsində Bakıda dərzilik, fotoqraflıq və s. var. Sağlam ailəyə ünvanlı yardım vermirlər ki, götürüb xərcləsin. Özünüməşğulluq Proqramı həmin ailələrin dəstəklənməsinə çox mühüm qayğıdır. Əlsiz-ayaqsız ailələrə isə bu yardımlar daha çox miqdarda ünvanlı və konkret verilir.
Prezident İlham Əliyevin kiçik və orta sahibkarlıqla bağlı qəbul etdiyi qərarlar çox önəmlidir. Məsələn, bu il Özünüməşğulluq Proqramına 10 minə qədər ailə cəlb olunacaq. Sahibkarlara aşağı faizli kreditlərin verilməsi, vergi güzəştləri tətbiq olunur ki, kiçik və orta sahibkarlıq inkişaf etsin, məşğulluq təmin edilsin.
Mən bir zaman parlamentdə çıxışımda çox kəskin şəkildə demişdim ki, yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətinə rayonda sahibkarların sayı, sahibkarlığın inkişafı ilə qiymət verilsin. Məmurun bir nömrəli vəzifəsi orta və kiçik sahibkarlara dəstək olmalıdır. Gərək qayda-qanunla 5 iş yeri yaradanı alqışlayaq. Ölkədə iş yerləri çox olsa, onda bir ailədə işləyənlərin sayı artır ki, bu da onların maliyyə büdcəsini artırır, nəticədə sosial durumunun yaxşılaşmasına xidmət edir.
– Bu gün küçələrdə avtomobillərin şüşələrini silən, dilənçilik edən, nələrsə satan uşaqları görürük. Məşğulluğun belə formasını necə qəbul edirsiniz?
– Əmək Məcəlləsində 15 yaşdan uşaqların məşğulluğuna icazə verilir. Amma mən həmişə deyirəm ki, o vaxtlar geniş yayılmış əmək tərbiyəsi kommunist tərbiyəsinin bir forması idi. Bu gün bu, inkişaf etmiş dünya dövlətlərində geniş yayılıb, ABŞ-da da var. Bu o demək deyil ki, 15 yaşından sonra uşaq işləyə bilər, amma 15 yaşına qədər heç nə etməsin, əlini ağdan-qaraya vurmasın. Məsələn, kənd yerində yaşayan uşaq otlaqdan inəyi gətirir, yer belləyir, ağacdan meyvə dərir. Yəni bu gün biz birinci növbədə ailədə əməyə münasibəti, əmək tərbiyəsini öyrətməliyik. 15 yaşından sonra isə uşağa işləməyə icazə verməliyik.
Avtomobil şüşələrini silən, dilənçilik edən, küçələrdə nələrsə satan uşaqlara gəlincə, əlbəttə, bu qrup uşaqlara görə hamı narahat olmalıdır. Bələdiyyələr də, məmurlar da, deputatlar da, ağsaqqallar da, sahibkarlar da, sahə inspektoru da o uşaqlarla maraqlanmalı, məsələ ilə məşğul olmalıdır.
Çox təəssüf ki, bu gün az da olsa, dilənçilik biznesi var. Biz niyə bunu görmək istəmirik? Maraqlanırsan, görürsən ki, bu dilənçi sən deyən ağır vəziyyətdə yaşamır. Ondan pis vəziyyətdə olanlar var, amma dilənçilik etmir, mənəviyyatı var. Mən tam razıyam ki, bununla əlaqədar təhlil aparılmalı, o qrup insanlar müəyyənləşdirilməlidir. Bələdiyyələr nə üçündür? Hər kənddə qismən imkanı aşağı olan ailələr tapılmalıdır, bu məsələ aydınlaşmalıdır. Cəmiyyət belə hallara biganə qalmamalıdır. Biz nail olmalıyıq ki, şəhərlərimizdə nə dilənçi olsun, nə avtomobil şüşələri silən uşaq… Bu prosesdə məktəb də, ailə də, qonşu da iştirak etməlidir. İnsanlara mərhəmət hissi də aşılanmalıdır. Məsələn, o vaxtlar çox ailədə olduğu kimi, bizdə də nənəm evdə plov, başqa yemək bişirəndə bizə yemək verməmiş birinci imkansız qonşuya pay göndərərdi. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dünyada  mərhəmət, xeyirxahlıq simvoludur. Heydər Əliyev Fondu nə qədər xəstə uşaqların müalicəsini öz üzərinə götürüb?! Bu gün mənim bildiyim  deputatlarımızdan nə qədər belə xeyirxah işlərlə məşğul olanlar var. Möhtərəm Prezidentimiz işsiz, vəziyyəti ağır olan ailələrlə əlaqədar 40 min sosial işçi ştatı verib, həmin ailələrə dəstək olan forma tapılıb.
– Rayonlarda imkansız ailələr övladlarının ali məktəblərə qəbul olunduqdan sonra şəhərdə yaşamaq xərcləri ciddi problem kimi qarşıya çıxır. Gənclər Fondu bu uşaqların müəyyən xərclərini təmin etmək yönündə proqram həyata keçirir. Bu istiqamətdə daha sistemli işlərin görülməsinə ehtiyac varmı? Təhsil kreditlərinin ayrılması məsələsinin həllini necə görürsünüz?
– Siz bizim komitə iclaslarında iştirak edirsiniz. Bu tipli təşəbbüslər komitə iclaslarında da dəfələrlə bu və digər məsələlərlə bağlı səslənib. Məsələn, əlil uşaqların təhsil haqqından azad edilməsiylə bağlı qaldırdığımız məsələ bunlardan biri idi. Prezidentimiz çox sağ olsun ki, ictimaiyyətin düşündüyü fikirləri dəstəklədi və müvafiq qərar verdi. Tələbə krediti ideyası da vardı. Bu gün Gənclər Fondu bu tələbələrin müəyyən xərclərini təmin etmək yönündə proqram həyata keçirir. Təhsil müəssisələrinin özü də bəzən belə addımlar atırlar. Digər tərəfdən Tibb Universiteti, Bakı Dövlət Universiteti kimi ali məktəblərin yataqxanaları var. Ümumiyyətlə, ali məktəblərin, özəl təhsil müəssisələrinin də yataqxana sistemi olmalıdır. Sosial durumu ağır olan ailələrin uşaqlarının təhsili ilə əlaqədar xərcləri qismən dövlət üzərinə götürməlidir, mən bununla razıyam. Amma bu zaman ünvanlılıq prinsipi təmin olunmalıdır. Belə uşaqların xərclərini qismən dövlət üzərinə götürməli, qismən bu problem kredit sisteminin tətbiqi ilə aradan qaldırılmalıdır. Bildiyimiz kimi, 2019-2020-ci il dərs ilindən başlayaraq ali məktəblərdə pulsuz təhsil alanların sayı iki dəfə artacaq. Düşünürəm ki, bu məsələ də gələcəkdə də dövlət başçısının daim diqqət mərkəzində olacaq. Çünki ölkə başçısı deyir ki, sosial müdafiə sistemində işlər bitmir, daim və davamlı şəkildə gedəcək.
– Zaman-zaman Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində yardımların, müavinətlərin, bölünməsində sosial müdafiənin ayrı-ayrı sahələrində qanunsuzluğa yol verildiyi aşkarlanır. Bu problemlərin aradan qaldırılması üçün hansı addımların atılması nəzərdə tutulur?
– Nə qədər cəmiyyət, dövlət var, orada pozitiv də, neqativ də var. Biz nöqsanların olduğunu inkar edə bilmərik. Əlbəttə, sadaladığınız sahələrdə nöqsanlar vardı, sonra bu prosesin elektronlaşdırılmasına başlandı. Biz də nöqsanlar haqqında zaman-zaman danışmışıq, heç vaxt deməmişik ki, hər şey əladır. Nöqsanlar aşkarlanır, aradan qaldırılır. Hesablama Palatası da ona görə var ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarət etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni rəhbərlik gəlib, DOST Xidməti yarandı. Məlum olub ki, 1000-dən çox insana əlillik düzgün verilməyib. Biz vaxtaşırı deyirdik ki, Azərbaycanda 1 milyon 300 min pensiyaçı varsa, onun təxminən 300 mini ikinci qrup əlil idi. Deməli, əlilliyi düzgün vermirlər. Necə olur ki, pensiyaçıların 300 mini əlil kimi pensiyaya çıxır, pensiya alır, həm də işləyirlər. İndi “Pensiya haqqında” qanuna dəyişiklik etdik, artıq yalnız birinci qrup əlilləri o cür pensiyaya çıxarmaq olur. Görün pensiyaçıların sayı nə qədər azaldı. Zaman-zaman belə problemlərin aradan qaldırılması üçün addımlar atılır. Ancaq mən bəzi məsələlərə – üzdəniraq uydurmalara, qarayaxma və təhriflərə çox təəssüflənirəm.
– Söhbət hansı məsələlərdən gedir?
– Söhbət yalanlardan, şişirdilmiş informasiyalar verməkdən gedir. Kim deyir ki, nöqsan, problem yoxdur? Mən populist çıxışlar etmirəm, düşünürəm, elmi praktik ideyaları səsləndirirəm, bir sözlə nə mümkündür, onu deyirəm. Qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqlarının təhsil haqqı, şəhid ailələrinə verilən  müavinətlərin artması istiqamətində addımlar atılıb və atılmaqda davam edir. Bəzən deyirlər ki, Hadi Rəcəbli gəncləri təhqir etdi. Harada təhqir etmişəm? Yazılar ki, Hadi Rəcəbli dedi ki, şəhid ailələrinə müavinət verilməsin. Mən harada belə söz demişəm? Yaxud yazırlar ki, Hadi Rəcəbli uşaq pullarını verməyə qoymur. Onlarla belə yalan, iftira, kontekstdən çıxarılan fikirlər. Mən bunları harada demişəm? Bunlar kütlə psixologiyasına hesablanan məsələlərdir. Saytlara söyüşlər, təhqir qoyurlar. Mənim çıxışımı kəsib, təhrif edirlər. Ona görə də yalanlara, söyüşlərə qohum-əqrəbamız və biz 10 qat artıq cavab veririk. Kim təhqiq edir, o təhqirlər özlərinə qayıdır.
– Siz parlamentdə çıxışlarınızda uşaq pulunun artırılmasını təklif etmişdiniz. Bu istiqamətdə hansı addımlar atılıb?
– Prezident İlham Əliyev cənabları son dövrlər bu istiqamətdə mühüm addımlar atıb. Birinci qrup əlil uşaqlara 0 yaşından 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat müavinət ayırdı. Eyni zamanda çoxuşaqlı ailələr üçün müavinətlər artırıldı. Prezident özəl müəssisələrdə oxuyan əlil uşaqlar və gəncləri təhsil haqqı ödəməkdən azad etdi. Doğuşa görə analara müavinətlər iki dəfə artırıldı. Bu addımların hər biri ailəyə dəstək məqsədi daşıyır. Yeri gəlmişkən, mənim parlamentdəki həmin çıxışım da təhrif edilmişdi. Guya mən demişəm ki, uşaq pulu verilməsin. Mən jurnalistlərə də müraciət edirəm ki, belə təhriflərə qarşı çıxsınlar. Parlamentdə mənim qədər imkansızlara dəstək verməyə çalışan, qayğıları ilə məşğul olan var? Səhər tezdən işə gəlib, axşam saat 19.00-da gedirəm. Fantaziyalarının ən ifrat dərəcəsiylə yazırlar ki, Hadi Rəcəblinin 17 villası, 9 benzindoldurma məntəqəsi, 4 şadlıq evi, daha nəyi, nəyi var. Bu yazır, digərləri də bundan götürür, başqa biri yazır ki, Hadi Rəcəbli qənaətdən danışır, utanmır… Bu da bizim bəlamızdır, belə olmaz. Bu, tərbiyəsizlik, mənəviyyatsızlıq, şərəfsizlik, ləyaqətsizlikdir.
– Niyə belə olur?
–  Çünki dövləti təmsil edir, hakimiyyətin sözünü deyirəm. Hakimiyyəti gözdən salmaq üçün hakimiyyətin sözünü deyən adamları şübhə altına salmağa çalışır, belə insanların sözlərini təhrif edirlər. Bu, dünyada istifadə edilən siyasi texnologiyadır. Ən zəif siyasi mübarizə aparan qruplar yalandan, təhrifdən istifadə edirlər.
– Dövlət başçısı çıxışlarında sosial sahədə atılan addımların davamı olacağını bildirir. Bu addımlarla bağlı hansı gözləntiləriniz var?
– Ölkə prezidenti son dörd aydır, olduqca genişmiqyaslı və hiss olunan sosial müdafiə addımları atır. İndi minimum əməkhaqqı yaşayış minimumuna gəlib çatdı. Artıq biz minimum əmək haqqının artırılması barədə danışa bilərik. Dünyada yaşayış minimumu gündəlik 1 dollar 90 sentdir. Bu, gündə 3 manat 40 qəpik, ayda 112 manat edir. Prezident zaman-zaman minimum əmək haqqının və minimum pensiya həcminin artırılacağını vurğulayır. Dövlət başçısı bildirir ki, sosial müdafiə sistemində ardıcıl işlər aparılır və sosial müdafiə sistemində gözləntilər çox olacaq. Məsələn, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ əlilləri üçün binalar tikilir, bəzilərinə avtomobillər verilir, ordu quruculuğuna böyük vəsaitlər ayrılır. Əgər sülh şəraitində yaşasaq, bu vəsaitlər əhalinin sosial rifahının artırılmasına yönəldilə bilərdi. Biz gərək bunları da fikirləşək.
– Sosial sahədə hansı yeni qanunvericilik layihələri gözlənilir?
– Sosial müdafiə sistemi ilə bağlı yetərincə və dünənki reallıqlara cavab verən qanunlar var. Bugünkü reallığa gəlincə, prezidentin də qeyd etdiyi kimi, büdcənin gəlirləri artır, məsələn, vergi və gömrük sistemindən 4 ayda gəlirlər 400 milyon manat artıb. Prezidentin bu sahədə təqdim etdiyi qanun layihələri parlamentə daxil olur, biz layihələrə baxırıq.
Beləliklə, qanunlara büdcə imkanlarının artması fonunda reallıqlara uyğun olaraq dəyişikliklər edilir. “Ərzaq təhlükəsizliyi” haqqında qanun var, DOST xidməti yarandı. Bunların hər biri əhalinin güzəranının yaxşılaşmasına yönəlib. Biz hazırda “Turizm haqqında” qanunu müzakirə edirik. Qanun turizm sahəsində əmək tutumlu iş yerlərinin yaradılmasını nəzərdə tutur. Bu qanun yüzlərlə, minlərlə yeni iş yerinin yaranmasına xidmət edəcək.
– Əlilliyin təyinatı ilə bağlı hansı yeniliklər gözlənilir?
– Biz, ilk növbədə, diqqəti əlilliyi yaradan səbəblərin aradan qaldırılmasına yönəltmişik. Məsələn, Ailə Məcəlləsinə nikaha girənlərin tibbi arayış təqdim etməsinə dair dəyişiklik etdik. Biz o dəyişikliyi çətinliklə qəbul etdirdik, neçə il onunla bağlı əziyyət çəkdik. Məqsəd anadangəlmə əlilliyin, hemofiliya, talassemiya və digər xəstəliklərin qarşısını almaq idi. İstehsalatda, nəqliyyatda bütün işləri görməliyik ki, əlilliyin qarşısını alaq.
Əlbəttə, əlilliyin özünə də yeni sistemlə baxılmalıdır. Əlillik əmək qabiliyyətli və əmək qabiliyyətsiz olaraq müəyyələşməlidir. Əmək qabiliyyətsizləri ayıranda, onların sosial müdafiəsi daha güclü olmalıdır. Əmək qabiliyyətsiz əlilə daha çox pul verməyə, əmək qabiliyyətli əlilə iş verməyə çalışmalıyıq. Bu sahəyə gələn ildən yeni baxış gözlənilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi birgə sistem formalaşdırır və bu sistem gələn ilin yanvarından işə düşəcək. Burada əlilliyin təsnifatlanmasına və müəyyənləşməsinə də yeni baxış olacaq.