Buna cavab tapmaq üçün çox fikirləşdim. İnsaf reallığa göz yummaqdır, yoxsa xəyali bağışlama, ya da kövrək qəlbin mərhəməti?…
Hər kəsdə az da olsa bu varmı? Əlbəttə ki, yox… İnsafsız sözü elə belə yaranıb. Həyatı insafsız adlandırmaq isə imtahan dünyasının favoriti…
Düzgün qərar verərkən də çox zaman insafsızlıq gərək…
Demək ki, həyat çox insafsız…
İnsanlarmi həyatı insafsız edir, həyatmi insanları?
Həyatımızı yaradan biziksə, demək ki, insafı, ya insafsızlığı da həyata biz gətiririk. Doğulduğumuz, yaşadığımız mühitin də burada böyük rolu var. Bizi əhatə edən insanların qəlbimizdə yaratdığı dərin mənada gedən mübarizələr hər zaman reallığa çevrilmir. Xarakter, dünya görüşü, sosial- mənəvi durum bizi ya insaflı edir, ya da insafsız. Həyatımıza hakim kəsilən mühüm rəsmi qərarların yaranmasında isə bu duyğudan uzaq durulması düşünülür.
Yox həmişə belə olmur. Rəsmi və ya qeyri rəsmi durum olsa da insan qərarlara fərqli təsirin də göstərir. Amma bu da faktdır ki həmişə insafsızlar yüksək təbəqəni əldə edir. İnsanların əksəriyyəti isə yüksək sayılan təbəqənin üzvü yox, insan olmağı daha üstün tutur. Həyat amalının qiymətləndirilməsində də onlar birinci yerdə durur. Demək ki, yalançılara, oğrulara, bədbinlərə, avara qatillərə də yazığımız gəlsin?. Əlbəttə ki, yox, bu kimi rəzilliklər olan yerdə insan yoxa çıxır. O insanların qrupunda belə bir -birinə insaf deyilən bir hiss yoxdur. Onlar haqqında verilən mənəvi və rəsmi qərarlar da, daha düzgün qərarlar da verilməyəndə dövləti insafsız hesab edən də var. Bütün bunların reallığına qiyməti isə artıq həyat verəcək.
Sənubər Səhər




