Bakıya və İrəvana artan səfərlər – bu, iki xalqı barışdıracaqmı?

Deputat: “Vətəndaş cəmiyyətinin görüşləri ilə problemin həlli mümkün deyil, çünki…”

Bakı ilə İrəvan arasında sülh gündəliyinin inkişafı üçün vətəndaş cəmiyyətləri də fəallaşıblar. Son aylar hər iki tərəfin QHT rəhbərləri qarşılıqlı səfərlər edir, “Sülh körpüsü” adı altında görüşlər keçirilir. Hətta sonuncu belə görüş üçün quru sərhəddən keçərək Ermənistana və Azərbaycana səfərlər təşkil olunub.

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. Məlumdur ki, həm işğal illərində, həm də postmüharibə dövründə ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları arasında müəyyən təmaslar olub. Bu görüşlər əsasən üçüncü ölkələrin ərazisində baş tuturdu. Bu zaman həm Qərb institutlarının təşəbbüsü əllərində saxlayıb iradələrini diktə etmələri, həm də erməni təmsilçilərinin özlərini “qalib” hesab edərək, fərqli prizmadan mövqe nümayiş etdirməsi bu tip görüşləri faydasız edirdi.

Lakin Azərbaycanın öz torpaqlarını azad etməklə bölgədə yaratdığı yeni reallıqlar və ortaya qoyduğu sülh gündəliyi vəziyyəti kökündən dəyişib. Həm Ermənistan hökuməti, həm də vətəndaş cəmiyyəti ritorikanı dəyişərək, sülhün əldə edilmədiyi hər günün Ermənistanın əleyhinə işlədiyini dərk ediblər. Vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız öz hökumətlərinin dəstəyi ilə görüşüb-danışması sülh gündəmi üçün vacib faktor sayılır. Müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır, prosesə təkan verir.

Nəzərə almaq lazımdır ki, iki ölkənin birgə sülh şəraitində yaşaması zəruridir və ömürlük düşmənçiliyin mümkün olmadığı da məhz hər iki xalq tərəfindən qəbul edilməlidir. Həm Azərbaycan xalqı, həm də erməni cəmiyyəti uzun illər müharibə şəraitində yaşayıb. Eyni zamanda Ermənistanda revanşistlərin, Apostol Kilsəsinin və erməni diasporunun beyinləri zəhərləmə kampaniyaları da bu illər ərzində davam edib. Buna görə də iki cəmiyyət və xalq arasında barışığın, birgə sülh şəraitində yaşamağın qəbulu uzun bir prosesdir. Ona görə də həm Azərbaycan, həm də Ermənistanın vətəndaş cəmiyyətlərinin əsas missiyası iki xalqın nümayəndələri arasında ünsiyyətin qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində aparılmalıdır.

Müxalif deputatın oğlu hakim TƏYİN OLUNDU | Modern.az

Bəs bu görüşlər xalqların barışığını sürətləndirə bilərmi? Sıravi insanların münasibətində son 5 il ərzində dəyişiklik olubmu?

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, əslində belə görüşlər yaxşı ənənədir: “Uzun illər Ermənistanın işğalçılıq siyasəti ucbatından düşmənçilik olub. Ümumiyyətlə, Ermənistanda bir azərbaycanlının belə qalmasına şərait yaradılmayıb. Bu müddət ərzində azərbaycanlılara, türklərə nifrət formalaşıb. Azərbaycan cəmiyyətində nifrət hissi yoxdur, amma qarşı tərəfdə mövcuddur”.

Deputat vətəndaş cəmiyyətinin görüşlərindən ciddi nəticə gözləmir. Onun sözlərinə görə, işğal dövründə də “xalq diplomatiyası” adı ilə müxtəlif görüşlər keçirilib, amma nəticəsi olmayıb: “Sadəcə, ermənilərin zehniyyətində dəyişiklik olmalıdır. Biz yenə də əl uzadırıq, humanizm prinsiplərini üstün tuturuq. Ancaq erməni cəmiyyəti buna adekvat reaksiya vermir. Bu gün də sülhün vacibliyini Azərbaycan təlqin edir. Bunun müqabilində erməni toplumunda bizə nifrət azalmayıb”.

A.Əlizadə qeyd edib ki, belə səfərlər dövlətlərarası münasibətlərin normallaşmasına fon verir: “Ancaq inanmıram ki, böyük nəticəyə gətirib çıxara bilsin. Erməni xalqı öz beynini təzələməlidir. Biz İrəvanda və başqa şəhərlərdə keçirilən küçə sorğularından da görürük ki, sıravi ermənilərin bizə münasibəti dəyişməyib. Sadəcə, Azərbaycan dövlətinin və ordusunun gücü onlara istədiklərini həyata keçirməyə imkan vermir. Yəni içindəki niyyəti və nifrəti dilə gətirirlər, bundan artığına gücləri çatmır. Ona görə də barışıq üçün uzun müddət lazım gələcək. Təkcə vətəndaş cəmiyyətinin görüşləri ilə problem həllini tapmır. Ancaq o demək deyil ki, bu təmaslar, müzakirələr davam etdirilməməlidir”.

Deputat hesab edir ki, ermənilərin şüurunda stereoptipləri dəyişmək üçün zaman tələb olunur: “Hətta Paşinyanın düşüncəsini dəyişməsinə də ehtiyac var. Həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. İndi seçki kampaniyasında keçirdiyi hər görüşdə Qarabağın heç vaxt onlara aid olmadığını təkrar-təkrar etiraf edir. Halbuki onun gücü, şəraiti olsa, Qarabağ mövzusunda fərqli mövqe tuta bilər. Hər bir halda, bu gün Azərbaycan dövlətinin və ordusunun hesabına əldə edilən sülh prosesini inkişaf etdirmək, qorumaq lazımdır. Amma erməni vətəndaş cəmiyyəti ilə danışıqlar sayəsində erməni ictimaiyyətinin fikrini dəyişmək real görünmür. Onlar hələ də düşünürlər ki, Qarabağ ermənilərin olub, guya bu adamları qovmuşuq və sair. Yəni nifrət varsa, xalqların barışığı uzun çəkən proses olacaq”.