Sərt karantin rejiminin Lənkəranın kəndlərinə aid olmaması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

0
359

Daxili İşlər Nazirliyi sərt karantin rejiminin Lənkəran rayonunun kəndlərinə aid edilməməsi məsələsinə aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasına bildirib ki, sərt karantin rejimi hansı rayonlarda tətbiq olunacaqsa, kəndlərə də aid olacaq:

“Nazirlər Kabineti yanında operativ qərargahın qərarı var ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Karantin rejimi qeyd edilən rayonların bütün ərazisinə aid olunacaq.

Eləcə də, Lənkəran rayonun kəndlərində də bütün iş, xidmət sahələri fəaliyyətini dayandıracaq”.

Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Lənkəran rayon olsa da, orada sərt karantin rejimi sadəcə şəhərin özündə tətbiq olunacaq. Bu da müzakirələrə yol açıb.