Ölkəmizin Daxili Qoşunların ehtiyyatda olan zabiti Zahid Teymurovun 65 yaşı tamam oldu.
Hərbi vətənpərvərlik mövzusunda yazılmış bir çox nəşrlərin müəllifi Zahid Teymurov Dağlıq Qarabağda Horadiz əməliyyatını ümumilli liderimiz Heydər Əliyevə məruzə edən hərbçi kimi xalqımızın tarixi yaddaşında xüsusi yer tutmuş şəxslərdən biridir.
Müstəqil Azərbaycan Silahlı Qüvvələrində və Hüquq Mühavizə orqanlarında müxtəlif vəzifələrdə çalışmış Zahid Teymurov hazırda İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədr müavini və Koalisiyanın Hərbi Hüquqi Mühafizə Qurumlarına İctimai Nəzarət departamentinin sədridir. Hərbçi siyasi analitik Zahid Teymurovun həyat hekayəsinin ən çox dəyər verilən məqamlarını əks etdirən bir hissəsini oxuculara təqdim edirik.
HƏRBÇİ SƏNƏTİNİ SEÇDİM
“… Hərbçi sənətini seçmək mənim üçün çətin və təsadüfi olmayıb: qarşımda xalqına şərəflə, ləyaqətlə xidmət etmiş Atam Baba Əli oğlu Teymurovun nümunəsi olub.”
Horadizin erməni işgalından azad olunan günü – 1994-cü il 8 yanvarın axşamı döyüş səngidi. Fürsətdən istifadə edib Daşburuna, qoşunların əsas rabitə qovşağına gəldim. Atama zəng edib onu ilk qələbəmizlə, qarış-qarış gəzdiyi, tanıdığı doğma torpağının ermənilərdən azad olunması ilə sevindirmək istədim. Sevincini qəlbən duydum. Sözləri isə, bir komandir kimi apardığım uğurlu döyüşə görə, fərəhimi sıxdı.
– Torpaqları vaxtında möhkəm qorumaq lazım idi! – el-obanın asanlıqla ermənilərin əlinə keçməsi həmişə onu hiddətləndirirdi.
Gümrahlıq nümayiş edərək, geniş bir sahədə döyüş əməliyyatının gedişindən danışdım.
– Mən səni müəllim, həkim, mühəndis oxutdurmamışam ki, döyüş məharətinə, komandir bacarığma təəcüblənim. Torpağı düşməndən qorumaq sənin sənətindir. Qarşıda hələ işin çoxdu. Torpağı da azad et, əsgərini də qoru. Bu elmi sən oxumusan.
O vaxtdan illər keçib. Atamın həqiqəti mənə hərbi xidməti, hərbçi taleyini, komandir məsuliyyətini, döyüşçü səadətini tam aydınlığı ilə dərk etdirdi.
Bütün zamanlarda əqli, vicdanı, dini, imanı olan insanlar üçün Vətən, Torpaq -müqəddəs anlayış, onlara məhəbbət və sədaqət – vətəndaş borcu və şərəfı sayılıb. Qədim dövrlərdən dünyaya göz açmış oğlan uşağı ölkəsinin, torpağının əsgəri, gücü, qüdrəti hesab olunub. Vətəndaşın təhlükə yaranan anda məmləkətinin əsgərinə çevrilməsi ailədən başlayır. Bu mürəkkəb prosesin əsasında Ata nümunəsi, Ana tərbiyəsi durur.
Mən zabit ailəsində dünyaya göz açıb, tərbiyə almışam. Özümü dərk etdiyim andan bütün uşaqlar kimi, Atamı hamıdan güclü hesab etmişəm. Yaşadığımız məhəllədə tək mənim Atam hərbi geyim daşıyırdı. Səhərdən axşamadək “dava-dava” oynayan uşaqları daha nə heyran edə bilərdi? Atamla hədsiz fəxr edirdim. Bu fəxr, yaşımdan asılı olmayaraq, heç vaxt məni tərk etməyib. Atam Dövlət təhlükəsizliyi zabiti idi. Mən əmin idim ki, müharibə olsa, Atam hamıdan, məhəlləmizdə olan bütün kişilərdən qabaqda döyüşə gedəcək. Onun hələ baş leytenant rütbəsini almağını xatırlayıram. Səbirsizliklə kapitan, mayor, podpolkovnik, polkovnik olmasını gözləmişəm.
Anam və biz – üç uşaq axşamlar səbirsizliklə Atamın işdən gəlməsini gözləyərdik. O gec qəlirdi. Onunla bir yerdə masa arxasinda oturmaq üçün yalandan acdığımızı bildirərdik. O çörəyi tələsmədən, ləyaqətlə, xüsusi bir gözəlliklə yeyirdi. İnsanın bir tikə çörəyə, adi Allah ruzusuna belə hörmət və ehtiramnı mən daha görməmişəm. Mən çalışırdım onun hər bir hərəkətini təkrar edim: onun kimi əl-üzümü yuyum, onun kimi yeriyim, onun kimi, ac olsam belə, tələsmədən, ləyaqətlə çörək yeyim. Hətta, yatanda, onun kimi sağ əlimi başımın altına qoyum.
Atam dövlətinə, xalqına ləyaqətlə, mərdliklə xidmət edirdi. Hansı bölgədə xidmət edibsə, sadə, zəhmətkeş insanların haqqını heç bir xətir-hörmətə güzəşt etməyib, DTK kimi zəhmli dövlət orqanında xidmət edərək, çətinliyə düşənlər üçün inam, ümid yeri olub. Haqqı deyib, müdafiə edən insan kimi özü də çətinliklərlə çox üzləşib, lakin həqiqətdən, ədalətdən dönməyib. Bəzən, başqasının asanlıqla əldə etdiyi vəzifə və rütbəni, o, əqidəsinə və xasiyyətinə qörə, yalnız alın təri ilə, özünə rəhm etmədən, gecə-gündüz ağır zəhmətlə qazanıb.
Haqq, ədalət, həqiqət Atam üçün hərəkətdə olan anlayışlar idi. Onun insanlara xoş münasibəti, xeyirxaqlığı, köməyi, boş canı yanma yox, həmişə fəal hərəkət idi. O heç vaxt insanlara boş vədlər, boş ümid verməzdi. Tam imkanlarını sərf etmədən də kimsəni naümid etməzdi. O əsil kişi həyatı yaşayırdı, insan haqqına həmişə hörmətlə yanaşırdı. Məndə uşaqlıqdan Atam kimi olmaq istəyirdim.
Orta məktəbin yuxarı siniflərində oxuduğum zaman mənim hansı sənət, ixtisas seçəcəyim barədə ailədə tez-tez söhbət düşürdü. Anam istəyirdi jurnalist olum. Mən isə, əmin idim ki, Atamın yolu ilə gedəcəyəm, hər bir işdə Atam kimi olacağam.
Həmyaşıdlarım da atalarının, əmilərinin işi, peşəsi ilə öyünürdülər. Mən isə hərbci olmaya bilməzdim. Həm Atamın şəxsiyyəti, həm oxumaqdan doymadığım hərbi ədəbiyyat, əsgərləri önündə, od-alov altında düşmən üzərinə sıçrayan zabit obrazını mənim idealıma çevirmişdilər. Əmin idim ki, nə vaxtsa Vətən uğrunda döyüşmək lazım gələcək. Əmin idim ki, hər kişinin ən birinci, ən vacib sənəti Vətəni qorumaqdır.
Mən vurulmuşdum hərbçi sənətinə. Gəcələr, bəzən, dərs əvəzinə hərbi memuarlar, hərb tarixinə dair kitablar vərəqləyərək səhəri açırdım. Təəsüf edirdim və anlamırdım ki, nə üçün faşizmə qarşı döyüşlərdə qanını, canını əsirgəməyən 600 min Azərbaycan əsgər və zabitinin hünəri, əzab-əziyyəti, cəbhə həyatı, Vətən duyğuları yazıçılarımız tərəfındən kifayət qədər təsvir olunmayıb.
Eh, nə deyim sizə! Aleksandr Kuprin! Yuri Bondarev! Konstantin Simonov! Amanziz, rəhimsiz hərb salnaməçilərı! Yuxuma da girməzdi ki, kitablarınızı oxuduqdan iyirmi il sonra kombat Bulbanyukun Novo-Mixaylovkada düşdüyü mühüsirəyə Qarabagın Mehmanasında hamı tərəfındən unudulmuş, taleyin hökmünə atılmış, əldən düşmüş iki yarımbatalyonla mən, kombriq, özüm düşəcəyəm və polkovnik Qulyayevin batalyonları kimi xilasedici bir atəş dəstəyinə möhtac qalacagam. Oxudugum kitabların aləmində idim, onların qəhrəmanlarının həyatını yaşayırdım, ölümünü ölürdüm. Batareya komandiri Yermakov kimi, mənim də komandir qəlbimi dəfələrlə əzib sındıracaqlar. Düşunmədən, “götür-qoy” etmədən haqqın, ədalətin tərəfındə olmağımın cəfasını çox çəkəcəyəm. Müharibədə diplomat ola bilməyəcəyəm. Çünki döyüş meydanında başqa zamanın, başqa məkanın qanunları, ya qanunsuzluğu hökm sürür. Kitab qəhrəmanları ilə birgə, sanki məndə Stalinqrad xarabalıqlarında alman bombardmanı altında dəhşətli, qanlı, ölümlü gecə bə gündüzlər keçirirdim. Simonovun taleyin hökmünə buraxılmış döyüşçüləri ilə məndə bomba zərbələrindən dağılmış cəbhə yollarının tozundan doyunca udmuşam, palçığında xırtdəyədək batmışam. Məğlubiyyət acısının və qələbə sevincinin göz yaşları cismimdə qovuşaraq, atəş xəttində hər atılan addımın nəyin bahasına başa gəldiyini mənə dərk etdirib.
Marşal Vasilevskinin “Bütün həyatımin işi”, Marşal Konevin “Cəbhə komandanının qeydləri” səhifələrində hərbçi sözünün, komandir qərarının minlərlə əmrə müntəzir əsgərin taleyi üçün nə olduğunu dərk etməyə özümü məhkum etmişəm. Marşal Rokossovski kimi “Əsgər borcu”mu vicdanla yerinə yetirməyə and içmişəm, Marşal Jukovun “Xatirələrim və düşüncələrim”i sətir-sətir oxuyub Sovet İttifaqı, xalqım üçün döyüşlərdə həlak olmağa hazır olmuşam. Qələbə Marşalı ilə birgə, sanki mən də ucu-bucağı olmayan cəbhə yollarını addımlarımla ölçürdüm, Reyxstaqı götürürdüm və 1945-ci ilin 8 mayında Berlin ətrafı Karlxorstda alman silahlı qüvvələrinin hərbi kapitulyasiyası barədə aktı imzalayırdım. Vətən! Doğma torpaq! Sərhəd! Mənim şagird şuurumda bu sözlər müqəddəs və toxunulmaz idi.
Sovet İttifaqında DTK-nın kurasiyasından kənarda heç bir təşkilat ola bilməzdi, o cümlədən, ali təhsil ocağı. Hazırlığıma və Atamın DTK-da nüfiızuna görə istədiyim hər hansı “prestijli”, gələcəkdə tox, fıravan və şən həyat üçün perspektivli təhsil ocağında yerim olduğunu bilirdim. Vətənpərvərlik duyğularıma ğörə çətinliklərlə bol öhdəçilikdən azad həyat seçmək öz ixtiyarımda idi. Seçimimi etmişdim.
21 il sonra Qarabağda, Ağdərədə…
…- Sən məni mi yoxlayırsan, “Yasəmən”?!. Sənin!… Sən özünü yoxla … Yaramaz!!!
– Bağışla, 122. Qatma-qarışıqlıq düşdü. Günahkaram! Koordinatları “ilbizlə” ver. Bu doqquz dəfə dəqiq olar. İndi bir cüt “xiyar” göndərərəm!
– O “xiyarları” bilirsən nə elə!… Eşidirsən, “Yasəmən”?! İt oğlu it! İndi adamlarımı yoxlayacağam!… Atdıqlarını mövqelərimə tökdün! Əclaf! Əgər!… Eşidirsən məni! Əgər!… Səni it kimi güllələyəcəyəm!
Batalyon komandiri elə burda, komanda-qərargah maşınında, kombriqin qarşısında durub, hirşindən əsirdi. Onun verdiyi koordinatla “Yasəmənin” atdığı mərmilər düz mövqelərin üstünə düşmüşdü.
– Kim verib koordinatları?! – kombriq qəzəbli gözlərini ona dirədi.
– Mən, – məyusluqla cavab verdi kombat. – Budur onlar, – barmagını xəritənin
üzərinə qoydu.
– Bura mövqelərdən düz bir kilometr aralıdı!, – kombriq hiddətindən alovlandı.Yenə əlini atdı rabitə dəstəyinə.
– “Yasəmən”, mən 122-yəm!
– Hazıram! Hazıram mən, 122! – iltifatlı səslə topçuların komandiri cavab verdi.
– Nəyə hazırsan?Axmaq! Bizi qırmağa?! – kombriq kinayə ilə sancdı onu.
– Sən bir kilometrin nə olduğunu bilirsən?! Tribunala gedəcəksən!
Bu müharibənin içində hələ çox müharibələr var. Qanlı çaxnaşma isə burada, onun ən mərkəzində, döyüş meydanındadır. Məlum məsələdir – müharibə cəbhə xəttində başqa cür olmur. Ətrafda isə, müharibə eşidilməyən yerlərdə, nə baş verdiyini anlamaq mümkün deyil. Nə müharibədən doyursan, nə də sülhdə təskinlik tapırsan. Belə şəraitdə, bəzən heç baş da düşünmür. Ara bir qırıx-kəsik fıkir, haradasa tamam başqa, rahat və təhlükəsiz bir həyatın axdığını xatırladır. O həyatda fərarilər müharibədən uzaq olmaq üçün ayaqlarından və puldan təyyinatı üzrə bacarıqla istifadə etdiklərinə görə, qibtə və şərəflə əhatə olunmuşdular. Orada güllə və mərmidən ölmək o dərəcədə qorxunc gəlirdi ki, mənəviyyatsızlığdan çəkinmədən, bəzilərini belə həyat tam qane edirdi. Bəraət üçün də Koroğlunun məlum ifadəsini əsas tuturdular: igidlik ondursa, doqquzu qaçmaqdı. Nağıl və tərənnümlər üzərində tərbiyyə bizdən fədailər yetişdirmədi. Orada, müharibədən bir qədər kənarda, kim isə şirin-şirin yatıb, düz sözlər danışır, gözəl çağırışlar edir, məcburiyyət qarşısında dincəlir. Odur ha, biri hündür dəri kresloda əyləşib, başını
da arxaya söykəyib. Yorgundur. Humanitar yardımla bir saatlığa cəbhəyanı bölgəyə baş çəkib, indi fərəhindən yerə-göyə sığmır – qırmızı vəsiqəli müharibə veteranıdır. Bir tərəfdən, münaribənin onlara heç bir aidiyyatı olmadığına əmin olanlar – onlara bel bağlamaq olmaz; digərindən – bu qanlı burulğanda, sağ qalmağı heç ağlına da gətirməyən, taleyin hökmünə atılmış, qan içində boğularaq, torpagımızın hər qarışı üçün həyatını əsirgəməyənlərdir. Bunlar sənin oğullarındı, Azərbaycan. Yaddaşında saxla onları. Onların xatirəsini Vətənə biganələrin ümidinə etibar etmə. Çünki, bu müharibədə biganələrə heç bir xələl dəyməyəcək…
… Yola hazırlaşırdım. Suda yaxşı üzə bilməyən, lakin okeanın o tayına keçmək istəyən adam kimi özümü hiss edirdim. Əvvəllər də, komsomol göndərişləri ilə uzaqlara getmişdim, lakin nə vaxt qayıdacağımı bilirdim. İndi isə yox. Ailəmizə görə çox narahat idim. Böyük oğul olduğum üçün, nədənsə əmin idim ki, mənsiz evimiz heç cür keçinə bilməz. Balacalara kim qəhmədar çıxacaq? Çörək almağa, bazara kim qaçacaq? Kim qışda odun yaracaq? Evimizdə axırıncı gecə gözümə yuxu gəlmədi. Burada, bu günədək fıkir vermədiyim şeylər necə də mənə yaxın və əziz olmuşdular: döşəmə, tavan, divarlar, öz əllərimlə həvəslə rənglədiyim şüşəbənd. Bu gecə mən doğma evimizlə, onun içində keçən uşağlığımla, həyatımın qayğısız, sağ-salamat ata-analı çağlarıyla vidalaşırdım. İndiyədək, necə də əmin idim ki, dünyada heç bir qüvvə bunları mənim əlimdən ala bilməz.
Bilmirəm nədən, ağlıma bir fıkir gəldi. Səhər tezdən cib dəsmalımı götürüb bağımızın yüxarısına qaçdım. Burada hər ağac, hər kol, budağına, yarpağınadək mənə tanış idi. Heç kimin məni görmədiyinə əmin olduqdan sonra, qoca gilasın dibindən iri bir ovuc torpaq çixarıb, dəsmalıma töküb onu möhkəm düyünlədim. Mənə elə gəldi, ağac tərpəndi, yarpaqları əsdi. Kələ-kötür gövdəsini tumarlayıb pıçıldadım: bu bir ovuc torpağını, qayıdanda, qaytaracağam özünə…
… Qarşıda isə, Atamın yoluna qədəm qoyduğumdan illər keçdikdən sonra, yenə Qarabağ.
… Bütün ətrafı tüstü bürüyüb. Nəfəs almaq olmur. Əldən düşmüş yük maşınları nərildəyərək, dağ yolsuzluğu ilə tənbəlcəsinə hərəkət edirdilər. Bu günkü döyüşdən sonra yaralıları və həlak olanları daşıyırdılar. Kombriq müavini podpolkovnik İslamov başı-yaxası açıq, bir maşından o birisinə keçərək, sürücüləri danlayırdı. Ləng hərəkətə görə.
– Niyə yatıb qalmısan, əsgər?! Yaralı aparırsan axı! Qatil! Tez ol! Tərpən! Dibədək sıx! Bax ha, yolda ölsə, sən kütbeyini, mələdəcəyəm!
Komanda-qərargah maşınına qalxır. Mənə baxmadan, burnunun altında donquldanır. Tək ona məlum olan işarələrlə qeydlər edir. İki nəfər itkimiz var. Dörd nəfər yaralanıb. Elə indi onlar sağ və xətərsiz idilər. Döyüşün sonuna, axşamadək özlərini çatdıra bilmədilər. Buradan çox da uzaq olmayan evlərində – ölkəmiz çox geniş deyil – valideyinlərin başı gündəlik qayğılara qarışıb. Ağıllarına gətirmək istəmədikləri bir bədbəxtçiliyi daim özlərindən uzaqlaşdırmaq fıkri ilə yaşayırlar. Həmişə narahatdırlar. Budur, o bədbəxtçilik baş verdi. Allah sizə güc və səbr versin. Təsəlli verə bilmirəm. Qoruya bilmədim. Lakin, bilməlisiniz: Övladlarınız Vətən uğrunda döyüşlərdə həlak olublar. Onlarla fəxr edin. Əgər, bu müharibədən bixəbər olanlar sizə bu imkanı versələr.
İkinci bölüyün kəşfıyyatçıları mövqelərinə, özününkülər tərəfındən döyüş meydanında atılmış yaralı erməni əsgərini gətiriblər. Ölür. Onun gənc, həyatsız bədəni mərmi partlayışı ilə didilmişdi. Baş qapağının yarısı yox idi. Onu da evində gözləyirlər. Çox da üzaq olmayan Ermənistanda onu sağ ğörmək ümidi ilə yaşayırlar. Əsgər isə, artıq başqa ölçüdədir. Erməni əsgərinin anası nədə təskinlik tapacaq? Azərbaycan torpağını azərbaycanlılardan qoruyarkən, oğlunun ölməyi ona nə təsəlli ola bilər?
İnsan taleyi üçün dəhşətli haldir. Bu əsgərin taleyinə son insan sayğısı düşmədi – üzərində kədərlənmək və insan kimi torpağa tapşırılmaq sayğısı. Onu özününkülər xaincəsinə döyüş meydanında qoyub qaçmışlar.
Səhərə yaxm yarğunluq sıxdı məni maşının küncünə…
… Oturmuşam qoca gilasm altında. Bizim bağdayam. Ağac ağlayır. Gilələr qırmızı damcılara çevrilib üstümə yağır.
– Niyə ağlayirsan? Sən ki, ağacsan!
– Kökümdə yaraya bax. Qoy yerinə apardığın torpağı.
– Necə edim bunu? Hər tərəf ermənidi.
– Siz getməsəydiniz – onlar gələ bilməzdi. Gör nə qədər ağac yıxıblar.
Gilasın dibində götürdüyüm torpağın çalası qanla dolu idi. Qan, sanki qaynayırdı.
Kənardan torpaq götürüb çalaya tökürdüm. O dolmurdu…
…Kim isə çiynimə toxundu. Oyandım. Yenə gurultu, yenə tüstü. Çalışın bu gün sağ qalın, kişilər. Kim düşməni qovacaq, kim torpaqları qaytaracaq?…
24 iyul 1972-ci ildə mən həmişəlik uşağlığımı tərk etdim. Maşınla bir az getmiş, mövhumata məhəl qoymayaraq, çönüb arxaya baxdım. Nəyim var idi – məndən uzaqlaşırdı. Tay-batay açıq darvazamız, onun önündə, əllərini sinəsinə sıxmış Anam. İlk dəfə övladını qorumaq imkanından məhrum edilmiş, ilk dəfə üşağını taleyin hökmünə buraxmış Anam acizcəsinə öz dualarını pıçıldayırdı. Yanında – həyacanlı təbəssümlə ona sıxılmış, mənə əllərini yellədən, balaca qardaşım və bacım.
Gecədən xeyli keçmiş, Bakıdan Leninqrada uçduq. Qarşımda Atamın yolu idi, Vətəninə, Xalqına ağır, çətin və şərəfli xidmət yolu…