Müşahidəçilər üçün təlimat

0
602

şahidəçilər üçün
TOPLU
(qaydalar və təlimatlar)

Hörmətli vətəndaşlar!
Bu toplu müşahidəçilərə seçki günü üzrə hüquqi qaydaları və müşahidəçilik üzrə beynəlxalq standartları öyrətməklə ictimai nəzarətin yaradılmasına töhvə vermək məqsədi daşıyır. Bunun üçün müşahidəçilərin seçki günü qərəzsiz, məsuliyyətli və peşəkar olması vacib məsələdir. Seçki gününə müşahidəçilərin hazırlığı isə onların müşahidəçiliklə bağlı bilik və bacarıqlarının səviyyəsindən asılıdır. Biz hesab edirik ki, bu toplu seçkilərdə müstəqil müşahidəçi kimi işritak etmək istəyən hər bir şəxs üçün faydalı olacaq.
Toplunun məqsəd və vəzifələri
Toplunun məqsədi vətəndaşların tərəfsiz və müstəqil müşahidəçiliyi mənimsəməsinə, onların fəaliyyətinin statistik müşahidə metodu əsasında təşkil olunmasına yardım etməkdir.
Toplunun vəzifələri aşağıdakılardır:
• Vətəndaşlara tərəfsiz seçki müşahidə prinsiplərinin öyrədilməsi
• Vətəndaşlara Statistikaya Əsaslanmış Müşahidə metodunun öyrədilməsi
• Vətəndaşların Seçki Günü qaydaları barədə məlumatlarının təkmilləşdirilməsi
• Vətəndaşların müşahidəçi hüquq və vəzifələri barədə məlumatlandırılması
Müşahidəçilərin vəzifə və cavabdehliyi
Seçki günü müşahidəçilər aşağıdakılara əməl etməlidir:
• Seçki məntəqəsinə çatdıqda özünü Məntəqə Seçki Komissiyasının rəsmisinə təqdim etmək
• Seçki məntəqəsini tərk etmədən seçki məntəqəsinin açılışı, səsvermə, seçki məntəqəsinin bağlanması və səslərin sayılması proseslərini müşahidə etmək
• Hər hansı qanun pozuntusuna rast gəldikdə Qanun pozuntusu haqqında akt formasını doldurmaq
Hər bir müşahidəçi Seçki günü aşağıdakı prinsiplərə əməl etməlidir:
• Qərəzsizlik
• Tərəfsizlik
• Çeviklik
• Cavabdehlik
• Məsuliyyətlilik
• Dəqiqlik
• Peşəkarlıq
Müstəqil müşahidəçilərin hər zaman bitərəf olması mühümdür. Bu baxımdan müşahidəçilər səsvermə günü, ondan əvvəl və sonra heç bir siyasi fəaliyyətə qoşulmamalıdırlar.
Müstəqil müşahidəçi məntəqədə bütün siyasi partiyalar və namizədlərin nümayəndələri ilə eyni səviyyədə qarşılıqlı əlaqədə olmalı, səsvermənin nəticələrinə dair və yaxud hər hansı namizədin xeyrinə heç bir fikir səsləndirməməlidir.
Müşahidəçi səmimi olmalı və seçki məntəqəsində gördüklərini qeyd etməlidir. Əgər hər hansı problem qeydə alınmayıbsa, o zaman hər hansı qanun pozuntusu barədə fikir bildirilməməlidir.
Seçki məntəqəsində səslərin sayılmasını müşahidə edərkən hansı namizədi dəstəkləməsindən asılı olmayaraq, hər bir namizədin topladığı səsləri dəqiqliklə qeydə almalıdır.
Nəzərə alın ki, müstəqil müşahidəçi özünü siyasi partiya nümayəndəsi kimi göstərməklə həm öz nüfuzuna xələl gətirə və tərəfsizliyi ilə bağlı etimadı sarsılda bilər!
Müşahidəçilərin aşağıdakı növ fəaliyyətə cəlb olunması yol verilməzdir:
• Məntəqə Seçki Komissiyasının rəsmilərinə qarşı inamsızlıq, seçki prosesinə mane olmaq
• Səsvermə, səslərin sayılması və hesablanmasının qanuni qaydalarına müdaxilə etmək
• Hər hansı bir siyasi partiyanın qalibiyyəti və məğlubiyyəti üçün tərəfdarlıq nümayiş etdirmək
• Hər hansı namizədə aid olan materiallar və ya geyim nümayiş etdirmək
• Hər hansı seçiciyə təsir göstərmək
• Seçicilərdən kimə səs verəcəklərini və ya kimə səs verdiklərini soruşmaq
• Seçicilərin nəticələri ilə bağlı fikirlər səsləndirmək
• Spirtli içkilər və yaxud narkotik maddələrdən istifadə
• Media vasitələrinə açıqlama vermək
Tərəfsiz və müstəqil müşahidəçilər üçün davranış qaydaları
Müşahidəçilər seçki günü öz bitərəf imicini qorumaq, öz fəaliyyətlərinin obyektivliyinə xələl gətirməmək və seçki komissiyaları ilə müsbət ünsiyyət qurmaq üçün aşağıdakı tələblərə əməl etməlidirlər:
• Seçki komissiyasının üzvləri, namizədlərin nümayəndələri və digər seçki iştirakçıları ilə söhbət, müzakirə və mübahisə zamanı nəzakətli olmalı, təcrübəli və özlərini peşəkar şəkildə aparmalıdırlar;
• Müşahidə zamanı sənədləşdirilmiş və həqiqi faktlara əsaslanmalıdırlar;
• Seçki məntəqəsi və ya Dairə Seçki Komissiyasının binasına daxil olarkən müşahidəçilər seçki komissiyası tərəfindən verilmiş xüsusi lövhəcik və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyi unutmamalıdırlar;
• Müşahidəçilərin geyimində və ya üstündə hər hansı partiya və ya siyasi bloka məxsus simvollar və ya nişan olmalı deyil;
• Müşahidəçilər səsvermə və yaxud səslərin sayılması zamanı seçki prosesinə müdaxilə etməməli, ancaq müşahidə etdikləri hər hansı qanun pozuntusu barədə komissiyaya təklif və ya iradla çıxış edə bilərlər. Əgər onların təklif və ya iradı nəzərə alınmazsa, buna görə seçki komissiyası üzvləri ilə mübahisə etməməlidirlər.
• Müşahidənin nəticələrinə dair akt və hesabatlarda müşahidə olunmuş çatışmamazlıqlar və qanun pozuntuları ilə yanaşı müsbət hallar və əvvəlki seçkilər ilə müqayisədə mütərəqqi dəyişiklikləri qeyd etmək lazımdır;
• Əldə olunmuş məxfi və ya anonim məlumatlar diqqətlə araşdırılmalı və dəlillər ciddi səciyyə daşıdıqda təqdim olunmalıdır;
• Müşahidəçilər seçki prosesini izləyərkən dəqiqləşdirməyə çalışmalıdırlar – seçki komissiyasının üzvləri qanun pozuntularına yol verərkən bunu qanunu bilməməzlikdən, yoxsa bilərəkdən törədirlər;
• Müşahidəçilər hər hansı mübahisə zamanı iştirakçı tərəflərin heç birinin mövqeyini müdafiə etməməlidir;

• Beynəlxalq müşahidəçilərə xüsusi münasibət nümayiş etdirilməməli, onlarla da digər müşahidəçilərlə olduğu kimi ünsiyyət qurulmalıdır;
Müşahidəçilər unutmamalıdır ki, onlar seçki məntəqəsində mübahisə və ya qalmaqal yaratmaq üçün deyil, müşahidə etmək üçün fəaliyyət göstərirlər!
Seçki Günü Statistikaya Əsaslanmış Müşahidə nədir?
Seçki günü Statistikaya Əsaslanmış Müşahidəçilik (SƏM), seçkinin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsi üçün istifadə olunan ən səmərəli metodlardan biridir.
SƏM metodu üzrə monitorinq aparan təşkilata seçki komissiyasının açıqladığı rəsmi nəticələrlə monitorinq vasitəsilə əldə olunmuş nəticələr arasında müqayisə aparmağa imkan verir. Bu metod, həmçinin səsvermənin nəticələrinin saxtalaşdırılması hallarını aşkar edir və qanun pozuntularının miqyasını dəqiq müəyyən edir. Əgər hər hansı qanun pozuntusu baş veribsə, SƏM bunun seçkinin nəticələrinə nə dərəcədə təsir etdiyini hesablaya bilir.
SƏM üzrə məlumatlar toplayan müşahidəçilər aşağıdakıları unutmamalıdırlar ki, SƏM sorğu və ya seçicilərin məntəqə qarşısında sorğusu (exit poll) deyil!
SƏM seçkinin hüquqi keyfiyyətini daha tez hesablanması üçün istifadə olunan seçki müşahidəçiliyi metodudur.
SƏM aşağıdakı halların baş verməsinə kömək edir:
• Seçki günü və səslərin hesablanması prosesi zamanı baş vermiş qanun pozuntularının müəyyənləşdirilməsi;
• Seçki günü və səslərin hesablanması prosesi zamanı baş vermiş qanun pozuntularının qarşısının alınması;
• Seçki prosesinə ictimai inamın yaradılması;
SƏM-nın Metodologiyası
• Məlumat ölkənin bütün seçki məntəqələri arasından təsadüfi seçilmiş məntəqələrdən toplanır;
• SƏM-ın statistik səhv ehtimalı 1%-dir.
Azərbaycanda Seçki sistemi və Hüquqi normalar
Seçici siyahıları
Azərbaycan Respublikasında səsvermə hüququ olan şəxs daimi yaşadığı seçki ərazisi üzrə seçicilər siyahısına daxil edilir. Bunun üçün seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində müvafiq seçki məntəqəsinin ərazisində yaşamaq əsas götürülür.
Seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən seçki gününə 35 gün qalmış seçicilərin tanış olmaları üçün səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilir.
Seçki gününədək və seçki günü də daxil olmaqla seçici siyahılarında dəqiqləşdirmələr aparılır. Bu vaxtadək edilən düzəlişlər və əlavələr seçicinin müraciəti əsasında məntəqə seçki komissiyası tərəfindən müraciət edilən gündən başlayaraq 1 gün müddətində, seçki günü isə dərhal aparılır.

Seçki Komissiyaları
Azərbaycanda seçkiləri seçki komissiyaları təşkil edir və keçirir. Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki komissiyalarının sistemi aşağıdakı kimidir:
• Mərkəzi Seçki Komissiyası (MSK)
• Dairə Seçki komissiyaları (DSK)
• Məntəqə Seçki komissiyaları (MnSK)
Mərkəzi Seçki Komissiyasının (MSK) 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatların MSK-da namizədləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
Dairə Seçki Komissiyaları (DSK) bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir. DSK 9 üzvdən ibarətdir və üzvlər MSK tərəfindən təyin edilirlər.
DSK-nın 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını MSK-da təmsil edən üzvlər tərəfindən təqdim edilir.
Heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən DSK-lara irəli sürülmüş namizədlərin ikisi maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edən komissiya üzvləri ilə.
Məntəqə Seçki Komissiyaları (MnSK) müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir.
Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı seçki komissiyasında təmsil edən komissiya üzvləri, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən üzvlər tərəfindən təqdim edilir.
Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.
Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir.
Məntəqə Seçki Komissiyası (MnSK) – sədr və iki katib də daxil olmaqla, altı (6) üzvdən ibarət olmalıdır.
MnSK üzvlərinin əsas vəzifələri aşağıdakılardır:
• seçicilər siyahısının təsdiq edilməsi;
•səsvermə otağının zəruri avadanlıq və ləvazimatlarla təmin edilməsi;
• seçicilərin məlumatlandırılması;
• seçki məntəqəsinin əhatə etdiyi ərazidə seçkiqabağı təşviqatın aparılması qaydalarının təmin edilməsi;
•seçki günü səsvermənin təşkili,
• səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi;

• səsvermənin nəticələri haqqında protokolun rəsmi surətinin, habelə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına göndərilməsi.
MnSK-nın sədri:
■ MnSK-nın işinə ümumi rəhbərlik edir;
■ MnSK-nın üzvləri arasında iş bölgüsü aparır;
■ seçki məntəqəsini acıq elan edir, seçki komissiyasının üzvlərinə və orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir
■ seçki məntəqəsində səsvermənin başlanmasını və qurtarmasını elan edir;
■ seçki məntəqəsində səsvermə qaydalarına əməl olunmasını təmin edir;
■ asayiş pozularsa, onun bərpası üçün hüquq-mühafizə orqanlarının nümayəndəsini dəvət edir;
■ MnSK üzvlərinin fəaliyyətinin qanunun tələblərinə uyğun qurulmasını təmin edir;
■ səslərin hesablanmasını və səsvermənin nəticələri haqqında rəsmi protokolun doldurulmasını təşkil edir;
■ lazımi seçki sənədlərini imzalayır;
■ protokolu və digər seçki sənədlərini DSK-ya çatdırır;
■ Seçki Məcəlləsinə uyğun digər vəzifələri həyata keçirir.
MnSK sədrinin sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir
.
MnSK-nın katibi:
■ MnSK sədrinin göstərişlərini və sədr tərəfindən onlara verilən səlahiyyətləri icra edir;
■ MnSK sədrinin tapşırığına əsasən katiblərdən biri beynəlxalq və yerli müşahidəçilərin siyahısını tərtib edir;
■ lazımi seçki sənədlərini imzalayır;
■ MnSK-nın sədri seçki məntəqəsində olmadıqda onun səlahiyyətlərini həyata keçirir;
■ Seçki Məcəlləsinə uyğun digər vəzifələri yerinə yetirir..
MnSK-nın üzvləri – sədrin iş bölgüsünə əsasən onlara həvalə olunmuş aşağıdakı vəzifələri icra edirlər:
■ MnSK-nın üzvlərindən biri seçki məntəqəsinin girişində dayanıb səs verməyə gələn seçicilərin barmaqlarında mürəkkəbin, şəxsiyyətlərini təsdiq edən sənədin olub-olmamasını yoxlayır və səsverməyə aid onların suallarının olub-olmamasını soruşur;
■ MnSK-nın üzvlərindən biri seçicilərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlayır, onun səsvermə hüququna malik olmasına əmin olur, seçicilərin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsini seçicilər siyahısında qeyd edir, seçicilərin sol əlinin baş barmağına gözlə görünməyən mürəkkəb çiləyir, seçicilərə seçki bülleteni verir, bülletenin düzgün doldurulması qaydasını onlara izah edir. Bülleten korlandıqda seçiciyə yeni bülleten verir (müəyyən olunmuş qaydada)
■ MnSK-nın üzvlərindən biri səsvermə otağında seçki qutusuna (qutularına) yaxın yerdə dayanır. O, əmin olmalıdır ki, heç kəs qutuya toxunmur, seçicilərin hamısı səsvermədən sonra seçki bülletenini seçki qutusuna salır və səsvermə otağını tərk edir. MnSK sədrinin göstərişlərini və sədr tərəfindən onlara verilən səlahiyyətləri icra edirlər;
YADDA SAXLAYIN!
Komissiyanın məşvərətçi səs hüquqlu üzvləri tərəfindən seçiciyə seçki bülleteni verilməsi, bülletenlərin sayılması, hər hansı bir bülletenin və ya qeydiyyatdançıxma vəsiqəsinin ləğv edilməsi, səsvermənin nəticələri haqqında protokolun doldurulması, MnSK-nın hər hansı bir qərarının imzalanması qadağandır.

Seçki günün qaydaları
Seçki məntəqəsinin təşkili
Məntəqənin açılışı
■ Məntəqə seçki qutuları, səsvermə kabinələri, stol, dəftərxana və gizli səsvermə üçün digər ləvazimatlardan ibarət olmalıdır. Seçki qutuları, səsvermə kabinələri və digər lazımi vasitələr elə yerləşdirilməlidir ki, səsvermə zamanı seçicilər üçün çətinlik yaratmasın.( Seçki Məcəlləsi, Maddə 98.2)
■ Namizədlər haqqında məlumat lövhələri, seçki bülletenlərinin və protokolun doldurulma qaydası seçki məntəqəsində yerləşdirilməlidir. (Seçki Məcəlləsi, Maddə 98.3)
■ Seçki bülletenlərinin nümunəsində qeydiyyatdan keçmiş namizədlərin adı göstərilə bilməz (siyasi partiyalar və ya siyasi bloklar) (Seçki Məcəlləsi, Maddə 98.3)
■ Seçki məntəqəsi elə təşkil olunmalıdır ki, məntəqə üzvləri və müşahidəçilər asanlıqla seçki bülletenlərinin verildiyi yerləri, səsvermə kabinələrini, seçki qutularını və səsvermənin digər hissələri asanlıqla müşahidə edə bilsinlər. (Seçki Məcəlləsi, Maddə 98.5)
Səsvermə prosesi (08:00-dan 19:00-dək)
■ MnSK-nın üzvlərindən biri seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, eləcə də onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözlə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır və bundan sonra seçicinin məntəqəyə daxil olmasına icazə verir.( Seçki Məcəlləsi, Maddə 104.6)
■ Seçici seçki bülleteni almaq üçün komissiyasının üzvlərinə yaxınlaşır. Komissiyasının üzvlərindən biri seçicinin adının seçici siyahısında olub-olmadığını yoxlayır. Əgər şəxsin adı həmin seçki məntəqəsindəki seçicilər siyahısına daxildirsə, bu zaman səs verməzdən əvvəl seçiciyə sol əlinin baş barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsi təklif edilir. (Seçki Məcəlləsi, Maddə 104.6)

■ Seçici sol əlinin baş barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsinə razılıq verirsə, seçicinin adının qarşısında seçicilər siyahısında səsverməyə gəlməsi barədə müvafiq qeyd aparılaraq ona səs vermək üçün seçki bülleteni verilir. ( Seçki Məcəlləsi, Maddə 104.6)
■ Seçici komissiyanın üzvündən seçki bülletenini alarkən seçicilər siyahısında öz adının qarşısında imza atır. (Seçki Məcəlləsi, maddə 104.7).
■ Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.(Seçki Məcəlləsi, Maddə 104.8)
■ Əgər seçicinin adı seçicilər siyahısında yoxdursa, seçici şəxsiyyətini təsdiq edən sənədi məntəqə seçki komissiyasına təqdim edərək məntəqə seçki komissiyası tərəfindən seçicilər siyahısına əlavə olunur. Seçicinin adı yalnız MnSK-nın qərarı ilə seçicilər siyahısına daxil edilə bilər.( Seçki Məcəlləsi, Maddə 46.1)
■ Hər bir seçici bir səsə malik olmaqla şəxsən və təklikdə səs verir. (Seçki Məcəlləsi, Maddə 104.9)
■ Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin inisialı və soyadı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.( Seçki Məcəlləsi, Maddə 104.7)
■ Seçici seçki bülletenini doldurarkən səhvə yol verərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edir. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir və barədə dərhal ayrıca akt tərtib olunur.( Seçki Məcəlləsi, Maddə 104.15)
■ Seçki günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirir.
■ MnSK ərizə ilə müraciət etmiş şəxsləri seşki günü daşınan qutu ilə təmin edir. Belə ki, seçki günü məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə şəxsin yaşadığı ünvana gəlir və şəxs seçki məntəqəsindən kənarda səs verir. (Seçki Məcəlləsi, Maddə 105.2)
■ Səsvermə günü seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasına qanunla müəyyən edilimiş müddət ərzində müraciət edərək qeydiyyatdan çıxma vəsiqəsi alır və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki istənilən seçki məntəqəsində səs verir. Seçici səsvermə günü müvafiq məntəqə seçki komissiyasına qeydiyyatdan çıxma vəsiqəsi ilə müraciət etdikdə, həmin vəsiqə seçicilər siyahısına əlavə edilir. (Seçki Məcəlləsi, Maddə 101.2)
Seçki günü seçki məntəqəsində aşağıdakı şəxslər iştirak edir:
■ seçicilər
■ məntəqə seçki komissiyasının üzvləri
■ müşahidəçilər
■ müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər
■ namizədlərin səlahiyyətli nümayəndələri
■ namizədlərin vəkil edilmiş şəxsləri

(Seçki Məcəlləsi, Maddə 104.14)
Məntəqələrin bağlanması və səslərin sayılma prosesi
■ Saat 19.00-da MnSK-nın sədri səsvermənin başa çatdığını ucadan elan edir və deyir: “Yalnız səsvermə otağında olan və seçki bülleteni almış seçicilərə səsverməni başa çatdırmağa icazə verilir”. ( Seçki Məcəlləsi, Maddə 106.1)
■ Seçki qutusunu açmamışdan əvvəl, MnSK-nın üzvləri müşahidəçilərin iştirakı ilə istifadə olunmamış bülletenləri sayırlar və ləğv edirlər. (Seçki Məcəlləsi, Maddə 106.1)
■ İstifadə olunmamış bülletenlərin sayı elan olunmalıdır səsvermənin nəticələri haqqında olan son protokola yazılmalıdır. (Seçki Məcəlləsi, Maddə 106.1)
■ Seçki bülleteni almış seçicilərin imzaları sayılmalı və səsvermənin nəticələri haqqında olan son protokola yazılmalıdır.(Seçki Məcəlləsi, Maddə 106.1)
■ Eyni zamanda, qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş və səsvermə otağından kənarda səs vermiş seçicilərin sayı son protokola yazılmalıdır.(Seçki Məcəlləsi, Maddə 106.1)
■ Sonra MnSK-nın sədri seçki qutularının möhürlərini yoxlayır, onu MnSK üzvlərinə və müşahidəçilərə göstərir və seçki qutularını açır.( Seçki Məcəlləsi, Maddə 106.1)
■ Daşınan seçki qutusunda olan seçici bülletenləri birinci sayılmalıdır. Əgər orada olan seçici bülletenlərinin sayı səsvermə otağından kənarda səs vermək üçün verilmiş ərizələrin sayından çox olarsa, onda bu seçki qutusundan çıxan bütün bülletenlər MnSK-nın qərarı ilə etibarsız sayılır.(Seçki Məcəlləsi, Maddə 106.2)
■ Daşınmaz seçki qutusunda olan seçici bülletenləri ikinci sayılmalıdır. Daşınmaz seçki qutusunda olan seçki bülletenlərinin sayı səsvermə günü seçki məntəqəsində seçicilərə verilmiş bülletenlərin sayından çox olarsa, seçki qutusundakı bütün bülletenlər MnSK-nın qərarı ilə etibarsız sayılır. (Seçki Məcəlləsi, Maddə 106.2)
Səslərin sayılması zamanı səslər aşağıdakı hallarda etibarsız hesab olunur:
▪ Bülleten işarələnməyib və ya ona birdən çox işarə qoyulub;
▪ Bülletendə qoyulmuş işarədən seçicinin iradəsini müəyyənləşdirmək mümkün deyil;
Əgər bülletenin etibarlılığı haqqında şübhələr varsa, MnSK üzvləri bunun etibarlı olub-olmamasını müəyyənləşdirmək üçün səsvermə keçirməlidirlər (Seçki Məcəlləsi, Maddə 106.4).
MnSK üzvləri tərəfindən səslərin hesablanması prosesi fasiləsiz aparılmalıdır. Bu zaman hər bir istifadə olunmuş bülleten möhürlənir. Bütün MnSK üzvləri və müşahidəçilər səsvermənin nəticələri barəsində məlumatlandırılmalıdırlar. Səsvermənin nəticələri ilə bağlı olan son protokol bütün MnSK üzvləri və müşahidəçilərin iştirakı ilə tərtib olunmalıdır. Protokolun bir nüsxəsi seçki məntəqəsinin məlumat lövhəsinə vurulur və o cümlədən müşahidəçilərə verilir (Seçki Məcəlləsi, Maddə 106.5).
Kənar şəxslər
Səsvermə günü seçici kimi daxil olmaları istisna olmaqla hüquq mühafizə orqanlarının əməkdaşları seçki məntəqəsinə daxil ola bilməzlər. Onlar öz vəzifələrini seçki məntəqəsinin yerləşdiyi binadan 100 metr aralıda yerinə yetirirlər. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı

asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır.(Seçki Məcəlləsi, Maddə 104.14)
Seçki Məntəqəsində Müşahidənin təşkili
Seçki Günü Müşahidəçi nələrə diqqət yetirməlidir.
Sizə seçki məntəqəsinə daxil olma; İzahat
Seçki Məcəlləsinə görə, müşahidəçilərə seçki məntəqəsinin açılmasını və məntəqə üzrə hazırlıq prosesini müşahidə etməyə imkan verilməlidir. Seçki Məntəqəsi isə hazırlıq üçün rəsmi olaraq saat 07:00-dən etibarən açıq olmalıdır.
Seçki məntəqəsinin təşkili və açılışı
Məntəqə hazırlıq prosesi üçün rəsmi olaraq saat 07:00-dən etibarən açıq olmalıdır.
Məntəqə elə təşkil olunmalıdır ki, seçicilərin bülletenlərini işarələməsi digər seçicilər, məntəqə üzvləri, siyasi partiyaların müşahidəçiləri və müşahidəçilər tərəfindən görünməsin. Seçicilərin gizli səs verməsi üçün məntəqədə şərait yaradılmalıdır.
Seçicilərin yenidən digər seçki məntəqələrində səs verməsinin qarşısını almaq üçün məntəqələrdə onların barmaqlarını işarələmək üçün gözəgörünməz mürəkkəb olmalıdır. Əlavə olaraq, məntəqədə səsvermədən əvvəl seçicilərin barmaqlarını yoxlamaq üçün əlavə batareyaları olan və işlək vəziyyətdə olan ultra bənövşəyi lampalar olmalıdır.
Seçki məntəqəsindən aşağıdakı məlumatları nümayiş etdirmək tələb olunur: səsvermə proseduraları, namizədlərin siyahısı və tərcümeyi-halı, seçici siyahısı və nümunə bülleten. Bu məlumatlar divara vurulmalıdır.
Seçki qutusunun boş olması bağlanmamışdan və möhürlənməmişdən əvvəl seçki məntəqəsində olan şəxslərə göstərilməlidir.
MnSK-nın sədri seçici siyahısında olan seçicilərin sayını elan etməlidir. Seçici siyahısında olan seçicilərin sayını qeyd edin.
MnSK-nın sədri məntəqə tərəfindən alınmış seçki bülletenlərinin sayını elan etməlidir. MnSK tərəfindən alınmış seçki bülletenlərinin sayını yazın.
MnSK-nın sədri seçki məntəqəsindən kənarda səs vermək üçün olan ərizələrin sayını elan etməlidir. Seçki məntəqəsindən kənarda səs vermək üçün olan ərizələrin sayını yazın.
Seçki məntəqəsində səsvermə prosesi rəsmi olaraq saat 08.00-də başlamalıdır
Səsvermə Müşahidəçi səsvermə zamanı hər hansı bir qanun pozuntusundan zərər çəkmiş insanların sayını müəyyənləşdirməlidir. Bütün səsvermə dövründə hər bir qanun pozuntusu ilə bağlı hesablama aparılmalıdır.

İzahat
Zəruri sənədləri olan və səsverməyə buraxılmayan seçicilərin saylarının müşahidəsi aparılmalıdır.
Barmaqları artıq gözəgörünməz mürəkkəblə işarələnmiş və səsverməyə buraxılmış seçicilərin saylarını müəyyələşdirməlidir.
Barmaqları yoxlanmadan səsverməyə buraxılmış seçicilərin sayını müəyyənləşdirməlidir
Seçki bülleteni almazdan əvvəl barmaqları mürəkkəblənməyən seçicilərin sayının müşahidəsi aparılmalıdır.
Seçici siyahısını imzalamadan bülleten alan seçicilərin sayının müşahidəsi aparılmalıdır.
Seçici siyahısında adı olmadığı halda səsverməyə buraxılan seçicilərin sayının müşahidəsi aparılmalıdır.
Gizli səsvermə şəraitində səs verməyən seçicilərin sayının müşahidəsi aparılmalıdır.
Bir seçicinin eyni məntəqədə bir dəfədən çox səsvermə halları müşahidə olunmalıdır.
Bir seçicinin seçki qutusuna birdən çox bülleten atması halları müşahidə olunmalıdır.
Seçicilərin xüsusi qruplar halında məntəqəyə gətirilməsi hallarına diqqər yetirilməlidir.
Seçicilərin məntəqə daxilində və kənarında hər hansı namizədə səs verməyə təhrik edilməsi halları müşahidə edilməlidir.
Seçki məntəqəsinin bağlanması və bülletenlərin sayılması Müşahidəçi məntəqə seçki komissiyasının üzvlərinin fəaliyyətini kənardan izləməli və diqqətlə müşahidə etməlidir. Müşahidə öz müşahidələrinə və təhlilinə əsaslanmalıdır. İzahat
Seçki qutuları açılmamışdan öncə istifadə olunmamış bülletenler sayılıb ləğv olunmalıdır..
Seçki qutuları açılmaşdan öncə onların möhürləri yoxlanılmalı və məntəqədə olan şəxslərə göstərilməlidir.
Səslərin sayılması prosesi açıq keçirilməli və müşahidəçilərə uyğun bir məsafədən müşahidə etməyə icazə verilməlidir.
Namizədlərin xeyrinə verilmiş səslər düzgün sayılmalıdır.
Səslərin sayılması prosesinin sonunda protokolun surəti müşahidəçilərə verilməlidir. Prosesin Ümumi Qiymətləndirilməsi Izahat
Müşahidəçi məntəqədə bütün prosesi müşahidə etməlidir. Müşahidəyə heç kəs maneə yaratmamalıdır. Seçki məntəqəsində zorakılıqdan başqa digər hallarda siz seçki prosesi dövründə məntəqənizi tərk etməməlisiniz.
Məntəqənin açılışı, səsvermə və səslərin sayılması zamanı hər hansı bir vaxtda proses dayandırılmamalıdır. Müşahidəçiyə qarşı hədə-qorxu varsa, o öz təhlükəsizliyi haqqında düşünməlidir. Özünü risk altında qoymamalıdır.
Polis məmurlarına məntəqədə səs verməyə icazə verilir, amma onlara məntəqələrdə qalmaq qadağandır.
Məntəqə Seçki Komissiyasının altı üzvü var. Əlavə olaraq qeydiyyatdan keçmiş müşahidəçilər və seçicilər də məntəqədə ola bilər. Kənar şəxslər məntəqədə ola bilməz.

Səsvermənin nəticəsi üzrə protokol məlumatları Müşahidəçi protokol tərtib olunandan sonra məntəqə seçki komissiyasının üzvləri tərəfindən elan olunan rəsmi rəqəmləri qeyd etməlidir. Müşahidəçi rəqəmləri saymağa çalışmamalıdır. Sadəcə məntəqənin rəsmi nəticələrini yazmalıdır. İzahat
Əlavə seçici siyahısında olan seçicilərin sayı
Ümumi istifadə olunmuş bülletenlərin sayı
Daşınan seçki qutusunda olan bülletenlərin sayı
Daşınmaz seçki qutusunda olan bülletenlərin sayı
İstifadə olunmamış bülletenlərin sayı
Korlanmış bülletenlərin sayı
İstifadə olunmuş bülletenlərin ümumi sayı
Etibarsız bülletenlərin sayı
Etibarlı bülletenlərin ümumi sayı
Xüsusi hallar
Aşağıdakı hallardan hər hansı biri seçki məntəqəsində baş verirsə, o “xüsusi vəziyyət” adlanır.
o Müşahidəçi məntəqədən qovulması və ya ona məntəqəyə girməyə icazə verilməməsi;
o Fiziki, psixoloji təzyiqlər və zorakılıq yolu ilə müşahidəçilərin fəaliyyətinin məhdudlaşdırılması;
o Seçki qutusunun oğurlanması;
o Seçki qutusuna topa bülletenlərin atılması;

Əlavə 1
Səsvermə proseduraları
Seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi yoxlanılır
Barmağı işarələnmiş seçici geri qaytarılır
Seçici məntəqəyə daxil olur
Seçici şəxsiyyətini təsdiq edən sənədi MnSK üzvünə təqdim edir
Etibarlı şəxsiyyəti təsdiq edən sənəd təqdim etməyən seçicilər səs verə bilməz
Seçicinin adı seçici siyahısında tapılır
Adı seçici siyahısında olmadıqda:
• Həmin əarzidə qeydiyyatda olduqda seçicinin adı əlavə seçici siyahısına daxil olunur.
• Qeydiyyat göstərilmədikdə geri qaytarılır
Şəxsiyyəti təsdiq edən sənəd:
• Şəxsiyyət vəsiqəsi
• Qaçqın vəsiqəsi Şəxsiyyət vəsiqəsi ilə birgə (məcburi köçkünlər üçün )
• Hərbi bilet
• Vətəndaşlığı olmayan şəxsin vəsiqəsi
MnSK-nın üzvü seçicinin şəxsiyyət vəsiqəsinin nömrəsini onun adı qarşısında qeyd edir
Seçicinin barmağı mürəkkəblənir işarələnir
Mürəkkəblə işarələnməkdən imtina edən seçicilər səs verə bilməz
MnSK seçki bülletenini möhürləyir, yuxarı sol küncünü kəsir və bülleteni seçiciyə verir
Seçici seçici siyahısında öz adının qarşısında imza atmaqla seçki bülletenini almağı təsdiq edir
Seçici səsvermə kabinəsinə keçib və seçki bülletenini gizli işarələyir
Seçici seçki bülletenini seçki qutusuna salır və məntəqəni tərk edir.
Əgər seçici bülleteni korlayırsa, MnSK üzvü ona ikinci bülleteni verə bilər
MnSk üzvü korlanmış seçki bülletenini yarı kəsməklə ləğv edir və korlanmış bülletenlər üçün nəzərdə tutulmuş zərfə qoyur. Seçicinin adı qarşısında qeyd aparılır.
Əlil seçicilərə kömək göstərilə bilər (MnSK üzvü, müşahidəçi və namizəddən başqa)
Seçici məntəqəyə gəlir və şəxsiyyət vəsiqəsini göstərir