Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənc yazar Fatimə Xasməmmədovanın müəllifi olduğu “Qəbələ Şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Qəbələ və Oğuz rayonlarının şəhid ailələri, Qəbələ yazarları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagird kollektivi, eləcə də müəllifin ailə üzvləri və müxtəlif təşkilat rəhbərləri iştirak ediblər.
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə, həmçinin 1992-ci il 8 may tarixində baş vermiş Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar videoçarxlar nümayiş olunub. Şuşanın işğal gününə həsr edilən çıxışlarda tarixi yaddaşın qorunmasının vacibliyi vurğulanıb. Eyni zamanda Qəbələ şəhidlərinə həsr olunmuş slaydlar, keçirilən tədbirlərlə bağlı hazırlanmış videoçarxlar iştirakçılar tərəfindən izlənilib.
Çıxış edənlər gənc yazar Fatimə Xasməmmədovanın az yaşında belə dəyərli və mənalı bir kitab ərsəyə gətirməsini yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Tədbirdə şəhid ailələrinin, müəllim və şagirdlərin, eləcə də təşkilat nümayəndələrinin çıxışları dinlənilib, şəhidlərimizin qəhrəmanlığından bəhs olunub.
Bildirilib ki, “Qəbələ Şəhidləri” kitabı Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinin yaşadılması, onların keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbər






