Biz, siz, yoxsa onlar…

Yazılarımızdakı ümumilik rəyləri bir çox insanlarda narazılıq yaradır. Onların fikrinə görə, hər kəsin düşüncəsi özünə aiddir. Ümumilik anlayışından istifadə etməməliyik.
Bu tənqiddən mən də nəticə çıxarmağa çalışıram və razılaşıram. Həqiqətən, söylədiyimiz, yazdığımız fikirlər özümüzə aiddir. Onları ümumiləşdirmək şəxsi qərarımız olsa da, paylaşım ixtiyarımız yoxdur. Kimlərinsə şəxsi qərarlarına qarışıramsa, üzürlü hesab edin.
Mənim “bizim”i hər kəs anlaya bilməz, qəbul edə bilməz. Bu, təbidir…
Hər bir məsələ haqda danışarkən, yazarkən, düşünərkən ətrafımızda tanıdığımız insanları hiss edirik və bəzən çaşıb, sanki onlara müraciət edirik.
Şəxsi duyğular ümumilik anlayışına sığa bilər, amma onlar yenə də şəxsidir, ümumilik paylaşımına sığdırılmamalıdır.
Fikirlər, düşüncələr ümumi, oxşar da ola bilər, amma eyni ola bilməz və onların paylaşımı da hər kəsin şəxsi qərarıdır.
Eyni düşüncələri daşıyan müxtəlif xarakterli insanlar var. O üzdən duyğuların fərqli ifadəsi fərqli anlatımlar yaradır.
Dilimiz eyni olsa da, dünyagörüşümüz, söz ehtiyatımız da fərqlidir. Zaman, yaş, təcrübə də anlatımlara fərqli “don” geyindirir.
Eyni məsələlər haqda müxtəlif fikirləri dinləməklə də çox öyrənə bilirik. Bunlarla razılaşsaq da, razılaşmasaq da, dünya görüşünün genişlənməsində öz rolunu oynayır.
Yenə bəzi fikirləri ümumiliyə sığdırdım. Bu, mənim fikrimdir. Heç kəs inciməsin.
Tək qalmaq mümkün deyil. Fikirlərimiz, arzularımız da ümumiləşir. Bunları paylaşmaqla təklikdən qurtuluruq. Yenə cəm…
Yaş da, təcrübə də öz sözünü deyir.
Gəlin, tək qalmayaq… Biz deyə bilək. Ətrafımız bizlərlə dolsun.

Sənubər Səhər…