Alimlərin reytinqini ölçən sistemə müdaxilə: “Ən çox istinad edilən” olmaq üçün nələr edirlər?

0
24

H-indeksi: Elmi tədqiqatçıların akademik məhsuldarlığını ölçmək üçün qiymətləndirmə standartı (üstünlükləri və məhdudiyyətləri)

H-indeksi, elm dünyasında bir tədqiqatçının məhsuldarlığını və tədqiqatlarının təsir gücünü obyektiv şəkildə qiymətləndirmək üçün istifadə olunan geniş yayılmış bir elmi dəyər göstəricisidir. Bu metrik çox önəmli və populyardır və “Scopus”, “Web of Science” və “Google Scholar” kimi bütün məşhur araşdırma platformaları tərəfindən tanınır və istifadə edilir.

Tarixinə nəzər salsaq görərik ki, bu indeks 2005-ci ildə Kaliforniya Universitetinin fizika və informasiya alimi Jorge E. Hirsch tərəfindən təklif edilib. H-indeksi onun tərəfindən “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan məqaləsində təqdim olunaraq elm adamlarının tədqiqat fəaliyyətini yalnız nəşr sayına və ya istinad sayına görə deyil, hər iki meyarı balanslaşdırılmış şəkildə nəzərə alaraq dəyərləndirməyi təklif etdi. Həmin indeks o dövrdən bu günədək xüsusilə fizika, bio-tibb, və sosial elmlər kimi sahələrdə geniş istifadə edilməyə başlanıb və qısa müddətdə akademik dairələrdə qəbul olunub.

H l-ndeksi necə hesablanır?

Sözügedən indeks tədqiqatçının həm məhsuldarlığını, həm də işlərinin təsir gücünü nəzərə alır. Tədqiqatçının H-indeksi h rəqəminə bərabərdir, əgər həmin tədqiqatçının ən azı h dəfə istinad alan ən az h nəşri varsa. Fikrimizə aydınlıq gətirək. Məsələn, tutaq ki, bir tədqiqatçının 10 nəşri varsa və bunlardan hər biri ən azı 10 dəfə istinad alıbsa, həmin tədqiqatçının H-indeksi 10-a bərabərdir.

H-indeksinin bir sıra üstünlükləri var. Hər şeydən əvvəl bu, balanslı qiymətləndirməyə təsir göstərir. H-indeksi həm nəşr sayını, həm də həmin nəşrlərin istinad sayını nəzərə alır. Bu, yalnız yüksək təsirli bir neçə nəşri olan və ya çoxlu, lakin az istinad alan məqalələr dərc edən tədqiqatçılardan fərqləndirilməsinə imkan verir.

Digər bir üstünlük ondan ibarətdir ki, H-indeksi nisbətən sadə yolla hesablanır və bir çox akademik platformalar, məsələn, “Google Scholar” və “Web of Science” tədqiqatçıların H-indeksini avtomatik olaraq göstərir.

Bu indeksin ən yaxşı cəhətlərindən biri onda qərəzsizliyin olmasıdır. Belə ki, H-indeksi həm elmdə yeni addımlamağa başlayan gənc tədqiqatçıları, həm də təcrübəli alimləri obyektiv şəkildə qiymətləndirir. Bu indeks nəşr tarixindən asılı olmayaraq tədqiqatçının istinad sayını nəzərə alır.

Lakin bütün bunlara baxmayaraq, H-indeksinin müəyyən məhdudiyyətləri də var. Bunların başında bu indeksin elm sahələrinə görə məhdudiyyətinin olmasını deyə bilərik. H-indeksi bəzi sahələrdə çox effektli olsa da, müəyyən sahələrdə, xüsusilə də humanitar elmlərdə daha az təsir gücünə malik ola bilir. Çünki bəzi sahələrdə istinad sayı nisbətən aşağı olur və bu da H-indeksinə mənfi təsir edir.

Bu indeksin digər çətinliyi ondan ibarətdir ki, yeni başlayan tədqiqatçılar üçün H-indeksini artırmaq nisbətən daha çətin ola bilir. Həmin indeks yüksək olsa da, bu, onların sahəyə sonradan verdikləri töhfələrin qiymətləndirilməsinə əks təsir belə göstərə bilir.

H-indeksinin ən böyük qüsurlu tərəfi müəlliflərin özlərinin özlərinə istinad edə bilməsinin mümkünlüyüdür. Belə ki, tədqiqatçının öz işlərinə istinad etməsi H-indeksinə təsir edə bilir ki, bu da özlüyündə obyektiv qiymətləndirməni poza bilir. Məsələn, təsəvvür edək ki, bir alim öz H-indeksini artırmağa maraqlı olduğundan məqalə yazır, daha sonra yazdığı digər məqaləsində əvvəlki məqaləsinə istinad edir, üçüncü məqaləsində isə əvvəlki ikisinə istinad edir. Bu yolla o, özü-özünə istinad etməklə süni şəkildə H-indeksini artıra bilir.

H-indeksinin tətbiqi hansı sahələri əhatə edir?

H-indeksi yalnız fərdi tədqiqatçıların fəaliyyətini qiymətləndirməklə məhdudlaşmır. Bu indeks, eyni zamanda akademik jurnalların, universitetlərin və hətta ölkələrin tədqiqat təsirini və məhsuldarlığını ölçmək üçün də istifadə olunur. Bununla belə, akademik dairələrdə tədqiqatçıların fəaliyyətini qiymətləndirmək üçün bəzən təkcə H-indeksinə əsaslanmamaq tövsiyə olunur, çünki bu göstəricinin müəyyən məhdudiyyətləri var.

Ölkəmizdə “Azərbaycan Milli H-index Ranking” konsolidasiya edilmiş h-indeksi əsasındaalimlərimizin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqdir. Reytinqdə “Scopus”, “Web of Science” və “Google Scholar” kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin reytinq göstəricisi və reytinqdə müvafiq mövqe (mövqelər) formalaşır.

“Azərbaycan Milli H-index Ranking”in https://az.h-index.com/az adlı rəsmi saytına daxil olaraq bu haqda geniş məlumat əldə edə bilərsiniz.

Yekunda bu nəticəyə gələ bilərik ki, H-indeksi tədqiqatçıların məhsuldarlığını və işlərinin təsir gücünü qiymətləndirmək üçün çox faydalı bir vasitədir. Bununla belə, akademik məhsuldarlığı və təsiri tam şəkildə əks etdirməsi üçün yalnız H-indeksinə deyil, digər göstəricilərə də diqqət yetirmək lazımdır. H-indeksi ilə bərabər, istifadə edilən digər indekslər, məsələn, G indeksi və ya i10 indeksi, elm dünyasında daha geniş və obyektiv qiymətləndirmələrə imkan yaradır.