BMT-nin tədbirini qaralamaq cəhdləri: COP29-la Azərbaycana təzyiqlər

0
32

BMT-nin İqlim Dəyişikliyi üzrə Bakı konfransının başlamasına üç həftə qalıb. Bu tədbir 29-cu dəfə keçirildiyi üçün COP29 adlanır. 1992-ci ildə üzv ölkələr Təşkilatın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha da fəal tədbirlər həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər.

Ötən il COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib. 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasda konfransın Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Şərqi Avropa Qrupunun üzvü olan dövlətlər, o cümlədən Ermənistan COP29-a rəsmi Bakının ev sahibliyi etməsini dəstəkləyiblər.

COP29 noyabrın 11-22-də Bakıda keçiriləcək. COP29 Azərbaycanda indiyə qədər keçirilmiş beynəlxalq tədbirlərin ən böyüyü sayılır.

2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə o bildirmişdi:

“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Bu, BMT-nin qlobal əhəmiyyətli humanitar tədbiridir. Məlum olduğu kimi, konfransın Bakıda keçirilməsinə ABŞ başda olmaqla Qərb dövlətləri, hətta Azərbaycana qarşı iddialarla çıxış edən Ermənistan da razılıq verib. Bu həm də o deməkdir ki, tədbirin Bakıda keçirilməsini BMT rəhbərliyi də uyğun görüb.

Ancaq ondan siyasi məqsədlər, Azərbaycana, rəsmi Bakıya qarşı təzyiq etmək üçün yararlanmaq istəyənlər də var.

Erməni lobbisi və onun çirkli pulları ilə fəaliyyət göstərənlər bu konfransdan terrorçuların, separatçıların xeyrinə istifadə etməyə səy göstərirlər.

Anti-Azərbaycan, türkofob, islamofob və şovinist mövqeyi ilə tanınan, Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində Sədrin birinci müavini Natali Luazonun terror və separatçılıq kimi cinayətləri törədənlərin sərbəst buraxılması üçün rəsmi Bakıya çağırış etməsini istəyiblər. Bu sədr müavini Azərbaycanı könüllü olaraq tərk etmiş erməni sakinlərin hüquqlarının “müdafiəçisi” kimi çıxış etməklə, əslində, həmin insanların arxasında gizlənir. Onun əsas hədəfi terrorçuları müdafiə etməkdir.

Erməni lobbisinin maliyyələşdirdiyi ehtimal olunan bu şəbəkənin bir qrupu da ABŞ-də konqresin Senat və Nümayəndələr Palatasında kök salıb. Bu günlərdə on senator və Nümayəndələr Palatasının 48 üzvü terrorçuları “siyasi məhbus” adlandıraraq ABŞ-nin dövlət katibi Antoni Blinkendən Prezident İlham Əliyevə müxtəlif cinayətlərdə ittiham olunan həmin şəxslərin sərbəst buraxılması üçün təzyiq etməsini istəyiblər.

Ermənistanın baş naziri Nikol Paşinyan və dövlətin başqa rəsmiləri isə beynəlxalq ictimaiyyətin gözündə sülhsevər kimi görünmək üçün COP29-dək sülh sazişini imzalamağa hazır olduqlarını bildirirlər.

Həm rəsmi İrəvan, həm də bir qrup konqresmen və avroparlamentarilər yaranmış vəziyyətdən sui-istifadə etməyə səy göstərirlər.

Paşinyan və komandası özünü elə göstərir ki, guya onlar sülh sazişini istənilən vaxt imzalamaq istəyirlər, ancaq rəsmi Bakı bundan imtina edir. Bununla da sazişin bağlanmamasında qarşı tərəfi suçlu çıxarmağa uğursuz cəhd göstərirlər.

Azərbaycan Ermənistan hakimiyyətinə əsas şərtləri dəfələrlə təqdim edib. Nikol Paşinyan və onun hökuməti isə bu tələblərə, təcavüzkar konstitusiyanın dəyişdirilməsi tələbinə əməl etməkdənsə, müxtəlif bəhanələr uydurur. Bu günlərdə isə Ermənistan parlamentinin sədri Alen Simonyan daha böyük yalan danışaraq bildirib ki, guya sazişin bütün 16 maddəsi razılaşdırılıb.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Berliner Zeitung” qəzetinə müsahibəsində rəsmi İrəvanın yalan və avantürist açıqlamaları ilə bağlı deyib:

“Tamamlanmamış, yarımçıq sazişin günü sabah imzalanması təklifi nəinki qeyri-real və qəbuledilməzdir, eyni zamanda, ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdidir. Tərəflər saziş layihəsinin hələ açıq qalan bir neçə mühüm müddəası ilə bağlı razılığa gəlməlidirlər və onlarsız sənəd natamamdır”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bildirib ki, ölkəsi Azərbaycan-Ermənistan sülh sazişini heç vaxt COP29 sammiti ilə əlaqələndirməyib: “Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını görmək istəyirdik. Bunun üçün sazişin imzalanmasına təkan verdik. Ancaq bu, ABŞ-dən deyil, hər iki tərəfdən asılıdır”.

Deməli, rəsmi İrəvanın sülh sazişi ilə bağlı açıqlaması birmənalı şəkildə elementar fırıldaq işlətmək, beynəlxalq rəyi çaşdırmaq məqsədi daşıyıb. Bu, həm də ermənilərin və havadarlarının beyin mərkəzinin məhsulunun keyfiyyətsizliyini isbatlayır.

Terrorçuların “siyasi məhbus” kimi qələmə verilməsi isə konqresmenlərin və avroparlamentarilərin yaranmış vəziyyətdən istifadə edərək erməni lobbisindən daha çox “qonorar” almaq cəhdidir.

Paşinyan və komandası kimi, onların da istəkləri fiaskoya uğrayır.

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, “general”lar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha beş ay uzadılıb. Onlar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər. Bu cinayət işi üzrə 15 nəfər də istintaqa cəlb edilib.

“Siyasi məhbus” kimi adı ən çox hallanan rusiyalı milyarder Ruben Vardanyandır. Onun həbsdə saxlanma müddəti uzadılıb. Vardanyanın terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma Dağlıq Qarabağ respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Bu, Ermənistanın, erməni ictimaiyyətinin, onun havadarlarının Azərbaycana qarşı apardıqları kampaniyanın bir hissəsidir.

Belə qarayaxma ilə məşğul olanlar Azərbaycanın ABŞ və qərb blokundan olan tərəfdaşları ilə münasibətlərini korlayacaqlarını zənn edirlər. Ancaq onların və erməni lobbisinin bu istiqamətdə fəaliyyəti istədikləri nəticəni verməyib.

Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Bir müddət əvvəl isə dövlət başçısı ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul etmişdi.

Prezident İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini də Bakıda qəbul edib.

ABŞ Prezidenti Cozef Bayden də dövlət başçısı İlham Əliyevə sülh sazişi və əməkdaşlığa dair məktub ünvanlayıb:

“Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Nəzərə almaq lazımdır ki, bu ilin noyabrında Ştatlarda prezident seçkisi keçiriləcək.

Ancaq məktubda da vurğulandığı kimi, razılaşdırılmamış bəndlər var. Odur ki, ABŞ rəsmi Bakının irəli sürdüyü təkliflərə müsbət cavab verməsini Ermənistan hakimiyyətindən istəyə bilər.

Bu kimi görüşlər, açıqlamalar, məktublar Azərbaycanın regional məsələlərdə önəmini göstərir. Bunları həm də rəsmi Bakıya təzyiq edənlərə cavab da saymaq olar. COP29 isə Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmir. Ondan sui-istifadə BMT-nin tədbirini qaralamaqdır.