Tahir İsmayılovun könül dünyası

0
256

Qəlbindəkiləri misralara uyuşdurmaq, düşüncələrin ahəngini tapmaq heç də hamıya qismət deyil. Şeir yazmaq öyrədilmir. Şeir duyğuların poetik formada ifadəsi, hisslərin harmoniyası,
süzgəcdən keçirilib oxucuya çatdırılmasıdır. Bu insanın öz iç dünyasına dönüşü olmaqla yanaşl, həm də onu başqalarına göstərmək istəyidir. Dünyaya baxışların, arzuların, qəlb yaşantılarının oxşar bağlantılarının yaranışıdır. Bu yaranışların sayı bilinməyən insanların qəlbində yer tapıb, yuva qurması hər şairə nəsib olmur. Bu ehtiyacımızı ödəyən şairlərə
minnətdar olmaqla yanaşı, onlara sonsuz təşəkkür etməyi özümüzə borc bilməliyik.
Belə şairlərdən biri də Tahir İsmayılov İsmayıl oğludur.
Ona dəqiq elmlərdən olan fizika ilə şeir sənətini birgə yaşadan şair də demək olar. Tahir İsmayılovun cavanlığından bəri poeziyaya, ədəbiyyata meyli və həvəsi onu iki böyük sənətin aparıcı qüvvələrindən birinə çevirdi. Gəlin bu pedaqoq- müəllimin, elm və poeziya dünyasını birgə yaşadan, yaşayan, geniş, səmimi, füsünkar qəlb sahibinin bizimlə söhbətini birgə oxuyaq:

-Nə kimi həyat yolu keçmisiniz?
-Həyat yolum… həyat yolum bizim nəsil üçün əsasən standart olan qaydalarla başlayıb. Orta məktəbi 1973-cü ildə Qazax rayonunun Poylu kəndində bitirmişəm. 1974 –1979-da Azərbaycan Dövlət Universiteti fizika fakültəsi, unudulmaz tələbəlik illəri. 1979 – 1983 Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya institutunda elmi fəaliyyət, 1984 – 1992 köçürmə yolu ilə Tacikistan Respublikasında neft-qaz axtarışı komitəsində əmək fəaliyyəti və nəhayət 1993 – 2024 həyatımın Heydər Əliyev adına Hərbi İnstitutla bağlı illəri. Ömür yolumun hər mərhələsi müxtəlif hadisələrlə zəngindir. Hər birində nə qədər acılı, şirinli xatirələrim qalıb. Bilirsiniz, hər kəsin yazdığı bir ömür kitabı var. Bu kitabın hər bir səhifəsi insan üçün əzizdir, xüsusən illərin arxasından boylanıb baxanda keçdiyin həyat yolu kino lenti kimi gözlərinin önündən keçir və darıxırsan. O illər üçün darıxırsan. Kitablarımın birində yazmışdım: “Tale yazısının qaralaması olmur ki, pozub təzədən yazasan…”.


-Həyat qarşınıza hansı sınaqlar çıxardıb?
-Sənubər xanım, həyat özü bütövlükdə sınaqdır! Mən də bir çox çətinliklərlə qarşılaşıb üzləşmişəm. Yadımdadır, 1973-cü ildə orta məktəbin buraxılışında məktəbin ən yaxşı şagirdi olmağıma baxmayaraq, həmin il Universitetə qəbulda müsabiqədən keçmədim. O qədər həyəcan keçirirdim ki, kəndə qayıtmaq belə istəmirdim. Müəllimlərimin üzünə necə baxacaq, onlara nə deyəcəkdim? Çünki hamısı bir ağızdan deyirdi ki, Tahir yüz faiz Universitetin tələbəsi olacaq. Bundan başqa o vaxtlar tələbə adını qazanmaq, xüsusən Universitet tələbəsi, kənddə böyük bir hadisə idi…
1987-ci il, Tacikistan. Neft-qaz kəşfiyyat buruğunda ağır qəza baş verib, qazma baltası sınıb, iş dayanıb, plan “yanır”. Komitədən Pamirə ezam olundum. Üç gün hərfi mənada gözümü yumub yatmadım. Mənimlə gələn briqadaya da dinclik vermədim… Nəhayət qəzanı ləğv etdik. Buruq yenidən fəaliyyətə başladı… Həyatımda buna bənzər ekstremal hadisələr kifayət qədər olub. Belə hallarda insanın emosiyalarını gizlədib, təmkinli ola bilmək qabiliyyəti çox dadına çatır.
-Seçdiyiniz sənət mənəvi duyğularınıza uyğun olmasa da bu uyuşdurmanın həyati timsalı necə
yarandı?


-Mən rəsmi olaraq bədii yaradıcılığa çox gec, 2016-cı ildə başlamışam. Buna qədər müxtəlif yazılarım olub, amma əsas işimdən macal tapıb (Anarın “Macal” povesti yadıma düşdü) bədii yaradıcılıqla ciddi məşğul ola bilməmişəm. Amma içimdə həmişə bir yanğı olub… Sizə kiçik bir əhvalat danışım. Orta məktəbdə 9-cu sinifdə riyaziyyat müəllimim vardı, çox ciddi qadın idi. Hər dəfə mənə deyirdi sən yaxşı riyaziyyatçı olacaqsan. Mən isə həddindən çox bədii ədəbiyyat mütaliə edirdim. Bir dəfə məktəbin ümumi iclasında mənim çantamı açıb bir kitab çıxardıb hamıya göstərdi və ” baxın əlaçı şagirdimiz görün nə oxuyur” dedi. M. Hüseynin “Abşeron”
romanı idi…Bax beləcə seçdiyim sənəti mənəvi duyğularımla uyğunlaşdırmağa çalışmışam.
Yəni verdiyiniz sualın təməli mənim orta məktəb illərimdən başlayıb. İndi əsas işimlə yanaşı həm də dörd bədii kitab müəllifiyəm: “Esse və şeirlər”, “Sevgi fantaziyası”, “Sənin kitabın” və bu yaxınlarda işıq üzü görəcək “Vaxtında yazılmayan şeirlər…”.
-Həyatınızdan razısınızmı? -Nə deyim, razı olsam da, razı olmasam da bu həyat mənimdir, onu mən yaşamışam.
-Pessimist lirik paylaşımların səbəbi nədir? – Hə, bu mənim üçün ağrılı məsələdir. Açıq deyim, yoxsa… ? Dediyiniz bədbin paylaşmaların səbəbi zaman kəsiklərinin nisbi sürüşməsi ilə bağlıdır.
Yəni dərk edilmiş əsl sevginin gecikməsi prosesinin insan həyatında rolu və onun nəticələri. İnsanların doxsan faizinin, bəlkə hələ az deyirəm, həyatında sevgi dərk edilmədən yaşanır, hətta buna sevgi də demək olmaz, “sevgiyə bənzər hisslər” desək daha doğru olar. Yəni əsil sevgi insanların çoxunun yanından “gülərək” gəlib keçib gedir. Buna görə bir yerdə də yazmışdım: “Sevgini dünyanın ən böyük kəşfi adlandırsaq səhv etmərik, məncə”.
-Oxuculara, dinləyicilərə arzunuz, tövsiyələriniz nədir? – Sevməyə tələssinlər! Sevməkdə gecikməsinlər!
-Qəlbinizdə hələ də sevgi hissi varmı? Sizin qəlb dünyanızda onun anlamı nədir?
-Sənubər xanım, niyə hələ də deyirsiniz, məgər sevginin sonu, ucu-bucağı, sərhədimi olur…Mənim daxili dünyamda, qəlbimdə sevginin bir anlamı var: Nəfəs alıb verməyim də, yuxudan oyanıb gözümü açmağımda, dünyaya onun gözü ilə baxmağımda da, Günəşdə, Ayda, ulduzlarda da, səhərin əsən sərin mehində də, dağlarda dumduru bulaqların durna gözündə də, dağ çaylarının şırıltısında da onu görüb, onu eşitməyimdədir.
-Ən çox həzz aldığınız məqam…?
-Əlimə qələm alıb, yanımda olmasa da, onu yanımda hiss edib şeir yazdığım anlar! Ç. Aytmatovun “Əsrə bərabər gün” romanı yadıma düşdü. Həmin anlar da mənə günə, aya, ilə bərabərdir.
-Sizin həyatınızda önəmli rolu olan kimlər var?
– Var belə adamlar, hər kəsin həyatında olduğu kimi, mənim də həyatımda xüsusi yeri və mənə örnək olan adamlar var. Birinci növbədə atam – çox ciddi, özünün insanlara bir kəlmə ilə qiymət verdiyi kimi sərrast və dürüst. İkincisi orta məktəb müəllimlərim – hər biri bir dünya idi və mənə də dünyanı göstərdilər. Üçüncüsü – universitet müəllimlərim, 60-80-ci illərin görkəmli alimlər nəsli və sözün əsl mənasında Pedaqoq – müəllimlər. Mən bütün müəllimlərimə minnətdaram.
-Dünyada baş verənlər sizin həyat anlamınıza nə kimi təsir göstərir?
– Müasir dünyamız qarışıq dünyadır. Silahlı münaqişələr, müharibələr dünya ictimaiyyətini, açığı desəm, pis vəziyyətdə qoyub. Bundan başqa, bütün dünyada, xüsusən Avropada milli – mənəvi dəyərlərin aşınması, dini-əxlaqi prinsiplərin pozulması, üzrlü sayın, əxlaqsızlıq kateqoriyasının əsl əxlaq səviyyəsinə qaldırılması cəmiyyətlərdə düzgün olmayan oriyentirlərin formalaşmasına gətirib çıxarır. Digər tərəfdən həmin prinsipsizlikləri başqa ölkələrə ixrac etmək və daha doğrusu sırımaq cəhdi müşahidə edilməkdədir. Əlbəttə öz milli – mənəvi dəyərləri olan, xüsusi əvəzolunmaz milli mentalitetə malik Azərbaycan vətəndaşı kimi bütün bunlar mənə də təsir edərək, bəzən tarazlıqdan çıxarır, millətim üçün, onun gələcəyi üçün narahat olmağa başlayıram.
-İnamlarınız sizi peşman edibmi?
– Yox. Fundamental köklü inamlarım məni heç vaxt yolda qoymayıb. İman və inam çox incə məsələ olduğundan, onlara yanaşmam da ciddi və sərtdir. Lakin o başqa məsələ ki, insani münasibətlərdə peşmançılığım da olub. Bəzən özümü, bəzən də qarşı tərəfi qınamışam. İnsanlar arasında inamım isə düz və dürüstlüyədir. Bizdə deyərlər ki, ilan da yuvasına düz girər. Düzə zaval yoxdur.
-Arzularınızı da bilmək istərdik.
– Deyə bilərlər ki, bu yaşda daha nə arzu… Amma arzularım çoxdur, sayıb qurtarmaq olmaz. Hesab edin ki, mən ölmüşəmsə, deməli arzularım bitib. İnsanı yaşamağa sövq edən, onun həyatını stimullaşdıran hədəfdir – yəni arzudur. Məsələn, mən çox böyük səbirsizliklə 4-cü kitabımın nəşr olunmasını, çox böyük ümidlə nəvələrim Cavadxanın, İsmayılın və Cahanın orta məktəbi bitirib ali təhsil ocaqlarında təhsillərini davam etdirmələrini, İsmayılın sanballı rəssam, Cavadxanın tarixçi kimi Azərbaycanın qədim tarixinə aid yeni tədqiqatlarının şahidi olacağımı, Cahanın Azərbaycanın əvəzolunmaz musiqi mədəniyyətinə tövhələr verəcəyini gözləyirəm. Və bir də ortaya Azərbaycanın dünya tarixində analoqu olmayan tarixi qələbəsinə həsr olunmuş yazı qoya bilmək istəyidir.

-Bütün arzularınızın yerinə yetməyi diləyi ilə Sizdən ayrılırıq. Hər zaman xoş soraqlarınızı eşidək.

Sənubər Qasımova,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mətbuat Departamentinin rəhbəri, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, “ictimaixeber.az” informasiya saytının baş redaktoru