Xankəndidə kəskinləşən siyasi qarşıdurma fonunda erməni əhalisi arasında bölgəni tərk etməyə hazırlaşanlarıns ayı getdikcə artır.
Qondarma “keçmiş müdafiə naziri” Samvel Babayan dünən mitinq keçirərək, separatçı rejimə silahlı dəstələrin gücləndirilməsindən tutmuş demoqrafik problemlərin həllinə qədər bir sıra məsələləri əhatə edən 5 bəndlik təklif verdi və bu təklifin qəbul edilməsi üçün iki saat vaxt qoydu. Əks təqdirdə öz dəstəsi ilə hərəkət edəcəyini bəyan etdi.
Separatçıların “başçısı” Araik Arutyunyan Babayanın tələbini qəbul etdi. Ermənistan mediası yazır ki, buna səbəb rəsmi İrəvanın separatçılara təzyiqidir.
“Hraparak” nəşri Qarabağdakı mənbələrə istinadən yazır ki, Babayan 10 gün sonra qondarma “dövlət naziri” təyin edilə bilər: “Ongünlük məsləhətləşmələrdən sonra belə olacağı deyilir. Hazırda “dövlət naziri” Qurgen Nersisyanın Babayanla qohumluq əlaqəsi var. Məlumatlara görə, Nersisyan yenidən qondarma “baş prokuror” olacaq. Bu “vəzifə” onun gedişindən sonra hələ də boş qalıb”.
Nəşrin Xankəndindəki mənbədən əldə etdiyi məlumata görə, Emənistan hakimiyyəti Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Xankəndidə separatçı rejimin ləğv edilməsi istiqamətində proses sürətlənib.
“Babayan İrəvan tərəfindən Qarabağa göndərilib və onun missiyası Azərbaycanın idarəçiliyinin tədricən qəbul edilməsidir. Müxtəlif versiyalar var. Versiyalardan biri belədir ki, “dövlət naziri” olandan sonra Babayanın istəyi ilə Azərbaycan sərhəd-keçid məntəqəsini açacaq və Qarabağdan getmək istəyən ermənilərə şərait yaradacaq. Daha sonra o, Rusiya sülhməramlılarının təhlükəsizliyi təmin etmədiyini deyəcək və çıxarılmasını tələb edəcək. Azərbaycanın Qarabağdakı mədənlərə girişi həllini tapacaq. Başqa bir məlumatlı mənbə isə Babayanın ümumiyətlə “dövlət naziri” təyin olunmsının mümkün olmadığını deyir”, – nəşr iddia edir